Yaxın Şərqdə "F-35" qarşıdurması: Tramp Türkiyəni müdafiə edəcək?

Yaxın Şərqdə "F-35" qarşıdurması: Tramp Türkiyəni müdafiə edəcək?
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə "F-35" qırıcılarının verilməsinə qarşı olduğunu bəyan etməsindən qısa müddət sonra ABŞ Prezidenti Donald Tramp əks mövqe sərgiləyib. Tramp Ankarada keçirilən NATO Zirvəsi çərçivəsində Türkiyənin "F-35" qırıcılarını əldə edəcəyini açıqlayıb.

Bu qərar Yaxın Şərqdə və NATO daxilində hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, ABŞ administrasiyasından Türkiyənin "F-35" proqramına qayıtması ilə bağlı verilən mesajlar göstərir ki, rəsmi Vaşinqton NATO daxilində hərbi-siyasi koordinasiyanı gücləndirmək və Türkiyə ilə münasibətlərdə yeni səhifə açmaq niyyətindədir.

Onun sözlərinə görə, bu məsələ təkcə ikitərəfli müdafiə əməkdaşlığı ilə məhdudlaşmır, həm də alyansın cənub cinahının təhlükəsizlik imkanları və regional çəkisi ilə bağlı strateji qərar kimi qiymətləndirilə bilər:

“NATO üzvü olan Türkiyənin müdafiə potensialının gücləndirilməsi ilk növbədə alyansın ümumi imkanlarının artırılması kontekstində nəzərdən keçirilir.Yaxın Şərqdə qüvvələr balansına gəldikdə isə, təkcə bir silah sisteminin hansısa ölkəyə verilməsi regional balansı kökündən dəyişən amil kimi qiymətləndirilmir. Regionda hərbi tarazlıq çoxsaylı siyasi, iqtisadi və təhlükəsizlik faktorlarının qarşılıqlı təsiri ilə formalaşır. Bununla yanaşı, Türkiyənin son illərdə müdafiə sənayesində əldə etdiyi nailiyyətlər və NATO daxilində oynadığı mühüm rol nəzərə alınarsa, "F-35"lərin mümkün tədarükü daha çox Ankaranın alyans daxilindəki strateji mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər. Bu isə həm NATO-nun kollektiv təhlükəsizlik imkanlarını genişləndirər, həm də Türkiyə-ABŞ münasibətlərində etimadın bərpası baxımından mühüm addım kimi qiymətləndirilə bilər”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ