Qarpız-yemiş hələ də risklidir? - AÇIQLAMA

Yay aylarının gəlişi ilə süfrələrin əvəzolunmaz nemətlərindən olan qarpız və yemiş mövsümü də başlayıb. İsti havalarda sərinləşdirici və dadlı meyvələrə tələbat artsa da, bu dövrdə qida təhlükəsizliyi məsələsi də xüsusi aktuallıq qazanır.
Qarpızdan və yemişdən zəhərlənmə halları hər il müşahidə olunur.
Bəs qarpız və yemiş alarkən hansı məqamlara diqqət etmək lazımdır ki, yay mövsümündə zəhərlənmə riski minimuma ensin?
Sfera.az-a bu haqda açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qarpız və yemişin ən ideal istehlak tarixini açıqlayıb:

“Azərbaycan üçün qarpızın təbii mövsümü iyun ayının sonundan başlayaraq iyul və avqust aylarını əhatə edir. Ən yaxşı qarpız bu aylarda yetişir. Meyvələri alarkən mütləq mənşəyi bəlli olan yerlərə üstünlük vermək və eyni zamanda günəş şüaları altında qalmayan qarpızları seçmək lazımdır. Xüsusilə, əlinizə götürdükdə ağırlığı hiss olunursa və əllə toxunduqda boşluqdan gələn səsə bənzər səs eşidilirsə, bu, onun daha şirin olmasının göstəricisi hesab olunur. Eyni zamanda, üzərində sarı ləkənin olması onun torpaqda təbii şəkildə yetişdirildiyini göstərə bilər. Qarpızın saplağı isə mütləq quru olmalıdır. Bu, onun tam yetişdikdən sonra dərildiyinin əlamətidir”.
Mütəxəssis qarpız alarkən məhsulu tam şəkildə almağı tövsiyə edib:
“Bəzən kəsilmiş və ya kəsdirilərək alınan qarpızlarda kəsim yerlərinin, doğrama sahəsinin və bıçağın vaxtında təmizlənməməsi çarpaz çirklənməyə səbəb ola bilər. Bu isə məhsul keyfiyyətli olsa belə, zəhərlənmə riskini artıra bilər. Nəzərə almaq lazımdır ki, qarpız az kalorili məhsuldur və tərkibinin təxminən 90 faizi sudan ibarətdir. Buna görə də yay mövsümünün əvəzolunmaz qidalarından biri hesab olunur.
Lakin 100 qram qarpızın tərkibində 8 qrama qədər karbohidrat olduğu üçün gün ərzində 300-500 qramdan çox qəbul edilməməsi tövsiyə olunur. Xüsusilə xroniki xəstəlikləri olanlar və şəkərli diabetdən əziyyət çəkənlər qarpızın qəbul miqdarına diqqət etməlidirlər. Həddindən artıq istifadə qanda şəkərin miqdarının artmasına və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Kəsildikdən sonra qarpız 24 saat ərzində istehlak edilməlidir. Soyuducuda saxlanıldığı zaman isə ağzı bağlı şüşə və ya emal olunmuş qabda, yaxud hava keçirməyəcək şəkildə qorunmalıdır. Ən yaxşısı isə kəsildikdən sonra həmin gün ərzində istifadə olunmasıdır”.
Bəsti Rəfizadə
Sfera.az
