Bakıda bağ evləri və otellərin qiymətləri necədir? - RƏQƏMLƏR

Yay mövsümünün gəlişi və məzuniyyət dönəminin başlaması ilə Bakıda dənizkənarı istirahətə tələbat artıb.
Paytaxt sakinləri və şəhərin qonaqları isti yay günlərini dəyərləndirmək üçün artıq bağ evləri, lüks villalar və dənizkənarı otellərin qiymətlərini araşdırmağa başlayıblar.
Sfera.az Bakı və Abşeron yarımadasında mövcud olan bağ evləri, villalar və otellərin günlük qiymətlərini araşdrıb. Araşdırma göstərib ki, dənizkənarı istirahət obyektlərinin qiymətləri təklif olunan xidmətlərə, dənizə yaxınlığa və infrastrukturun müasirliyinə görə kəskin fərqlənir. Bakıda həm dəniz kənarında, həm də şəhərin dinamik mərkəzində yerləşən otellərdə birgecəlik adambaşı istirahət qiymətləri büdcəyə görə dəyişir.
Hazırda premium seqmentdə ən çox diqqət çəkən məkanlardan olan "Sea Breeze Baku" otelində 1 gecəlik 1 nəfərlik yerləşmə 349 AZN təşkil edir. Hava limanına yaxınlığı və komfortu ilə seçilən "Fly Inn Baku" otelində bu qiymət 260 AZN, şəhər mərkəzində yerləşən modern "Holiday Inn Baku" otelində isə 187 AZN-dir. Nisbətən münasib və orta seqmentdə dəniz ab-havasını hiss etmək istəyənlər üçün "Qafqaz Sahil Hotel Baku" 1 gecə üçün 154 AZN təklif edir. Büdcəsinə qənaət etmək istəyən istirahətçilər üçün də variantlar mövcuddur. Belə ki, "Marison Hotel Baku"da gecələmək 90 AZN, daha sadə və iqtisadi seçim olan "RoseMary Inn" otelində isə cəmi 62 AZN-dir.
Bağ mövsümünün nəbzi isə ənənəvi olaraq Bilgəh, Novxanı və Şüvəlan qəsəbələrində döyünür. Müasir istirahət konseptləri və lüks villalar ailəvi dincəlmək istəyənlərin əsas seçimidir. Populyar istirahət zonası sayılan "Sea Breeze" ərazisində müxtəlif konseptli villaların qiymətləri fərqlidir. Məsələn, "Sea Breeze White Villas"da 1 gecəlik kirayə 188 AZN, "Sea Breeze Luxury Villa"da 200 AZN təşkil edir. Daha lüks və fərqli mənzərə axtaranlar "Lamar Sea Breeze Resort" üçün 411 AZN, "Sea Breeze Lighthouse" rezidensi üçün isə 421 AZN ödəməli olacaqlar.
Aquapark və geniş əyləncə infrastrukturu ilə tanınan Novxanıda qiymətlər nisbətən daha stabil seqmentdə paylanır. Populyar "Spring Hotel"də 1 gecəlik istirahət 218 AZN, "AF Hotel Aquapark"da 180 AZN, "Absheron Marina"da isə 162 AZN olaraq müəyyən edilib.
Ümumilikdə, Novxanı ərazisində günlük fərdi villa kirayələmək istəyənlər üçün qiymətlər otaq sayından və şəraitdən asılı olaraq 156 AZN-dən başlayaraq 550 AZN-ədək yüksəlir. Cari mövsümdə ən yüksək qiymət diapazonu Şüvəlan qəsəbəsində qeydə alınıb. Burada yerləşən tam təchizatlı, geniş filterli hovuza və elit interyerə malik villaların 1 gecəlik kirayə qiyməti 200 AZN-dən başlayıb 1190 AZN-ədək qalxır.
Məzuniyyətini bütün yay ayı ərzində bağ evində keçirmək istəyənlər üçün aylıq kirayə bazarı da aktivləşib. Mərdəkan və Şüvəlanda orta səviyyəli hovuzlu bağ evlərinin aylıq kirayəsi 1200-2500 AZN arasında dəyişdiyi halda, premium villaların qiyməti 3500-5500 AZN-ə çatır. Bilgəh və Nardaranda dənizə yaxın premium bağların aylıq qiyməti 3000-7000 AZN arasındadır.
Qeyd edək ki, həftəsonu günlərində (şənbə-bazar) həm günlük villaların, həm də otellərin qiymətində 20-40% civarında mövsümi artım müşahidə olunur. Bu səbəbdən mütəxəssislər istirahət planlaşdıran şəxslərə erkən rezervasiya imkanlarından yararlanmağı və aylıq kirayələr zamanı hovuz təmizliyi, yüksək enerji sərfiyyatı yaradan kondisionerlər kimi kommunal xərclərin müqaviləyə daxil olub-olmadığını öncədən dəqiqləşdirməyi tövsiyə edir.
Bəsti Rəfizadə
Sfera.az
