"Uşaq daim valideynini telefonla görürsə..." - Psixoloqdan XƏBƏRDARLIQ

Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətlərinin tətbiqi müzakirə olunur. Lakin müasir dövrdə tez-tez rast gəldiyimiz hallardan biri də budur ki, valideynlər azyaşlı uşaqların əlindən telefonu aldıqda onların aqressiv reaksiyası ilə üzləşirlər.
Bəzi uşaqlar ağlayır, əsəbiləşir, əşyaları sındırır və ya davranışlarına nəzarəti itirirlər. Belə vəziyyətlərdə valideynlər necə davranmalıdır? Uşaqları telefon və sosial şəbəkələrdən asılılıqdan uzaqlaşdırmaq, həmçinin yeni qaydalara və məhdudiyyətlərə tədricən alışdırmaq üçün hansı üsullar daha effektiv hesab olunur?
Məsələ ilə bağlı psixoloq Nizami Orucov Sfera.az-a açıqlama verib. O, azyaşlı uşağın telefon əlindən alındıqda aqressiv reaksiya verməsinin sadəcə “ərköyünlük” deyil, formalaşmış vərdişin və bəzi hallarda rəqəmsal asılılıq əlamətlərinin göstəricisi olduğunu bildirib:

“Telefon və sosial media uşağın beynində sürətli mükafat sistemi yaradır. Davamlı olaraq rəngli görüntülər, oyunlar, videolar və ani stimul alan beyin bunlardan məhrum olduqda narazılıq və əsəbilik göstərə bilir. Belə hallarda valideynlərin ən çox etdiyi səhvlərdən biri ya tam sərt qadağa qoymaq, ya da uşağın ağlamasına görə geri addım atmaqdır. Hər iki yanaşma problemi dərinləşdirə bilər. Uşaq bir tərəfdən sərt qadağaya qarşı müqavimət göstərir, digər tərəfdən isə aqressiv davranışının nəticə verdiyini öyrənir”.
Mütəxəssis valideynlər üçün ən effektiv yanaşmanı izah edib:
“Ən effektiv yanaşma dəyişiklikləri mərhələli şəkildə tətbiq etməkdir. Əgər uşaq uzun müddətdir telefondan istifadə edirsə, onu birdən-birə tamamilə məhdudlaşdırmaq çətin ola bilər. İstifadə müddətinin tədricən azaldılması, əvvəlcədən müəyyən edilmiş qaydaların tətbiqi və bu qaydaların sabit şəkildə qorunması daha sağlam nəticə verir. Valideynlər yalnız “telefonu əlindən almağa” deyil, onun yerini doldurmağa da çalışmalıdırlar. Uşaq boş qalan vaxtda maraqlı fəaliyyət tapmırsa, yenidən telefona qayıtmaq istəyəcək. İdman, açıq hava oyunları, yaradıcılıq fəaliyyətləri, ailə ilə birgə vaxt keçirmək və həmyaşıdlarla ünsiyyət alternativlər yaratmağa kömək edir. Burada valideyn nümunəsi də çox vacibdir.
Uşaq valideynini daima telefonla görürsə, ona telefondan uzaq durmağı öyrətmək çətinləşir. Uşaqlar deyiləndən çox, gördüklərini təkrarlayırlar. Yeni qaydaların tətbiqi zamanı uşağın hisslərini də qəbul etmək vacibdir. “Əsəbiləşdiyini başa düşürəm, amma bu qayda dəyişməyəcək” kimi yanaşma həm empatiyanı, həm də sərhədi birlikdə göstərir. Məqsəd uşağı cəzalandırmaq deyil, özünü idarə etmə bacarığını inkişaf etdirməkdir. Ümumiyyətlə, telefon və sosial şəbəkələrdən uzaqlaşdırmaq yalnız texnologiyanı məhdudlaşdırmaqla mümkün deyil. Bunun üçün uşağın real həyatda maraq, ünsiyyət və aidiyyət hissi tapması lazımdır. Ən davamlı nəticə də məhz bu zaman əldə olunur”.
Bəsti Rəfizadə
Sfera.az
