“Cənubi Qafqazda gördüklərim düşüncəmi dəyişdi” - Din Şarp Qarabağdan danışdı

"Cənubi Qafqazda gördüklərim düşüncəmi dəyişdi" - Din Şarp Qarabağdan danışdı
Kateqoriya məlum deyil
T

Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günündə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin eksperti Din Şarp “urbansid” anlayışının müasir münaqişələrdə artan aktuallığından danışıb.

 

Sfera.az xəbər verir ki, ekspert çıxışı zamanı bildirib ki, “urbansid”, yəni şəhər mühitinin və infrastrukturun məqsədli şəkildə məhv edilməsi uzun müddət akademik çevrələrdə nisbətən məhdud müzakirə olunan mövzu olsa da, dünyada urban müharibələrin və silahlı qarşıdurmaların artması bu anlayışa marağı xeyli gücləndirib.

 

Din Şarp qeyd edib ki, bu termin hüquqi baxımdan “soyqırımı” və “ekosid” kimi beynəlxalq hüquqda tam kodifikasiya olunmasa da, şəhərlərin və tikili mühitin münaqişələrdə sistemli şəkildə hədəfə alınması artıq ciddi elmi və siyasi müzakirə predmetinə çevrilib.


Ekspert vurğulayıb ki, tarix boyu şəhərlər müdafiə və müharibə məkanları kimi formalaşıb. Lakin müasir dövrdə urban məkanların qəsdən dağıdılması təkcə hərbi zərurətlə deyil, sosial müxtəlifliyin, birgə yaşayışın və şəhər həyatının özünün hədəfə alınması ilə əlaqələndirilir.

 

Onun sözlərinə görə, “urbansid” termini 1970-ci illərdə formalaşsa da, akademik ədəbiyyatda geniş şəkildə yalnız 2000-ci illərdən etibarən yer almağa başlayıb. Xüsusilə Bosniya müharibəsindən sonra bu anlayış üzərində nəzəri yanaşmalar güclənib.

 

Din Şarp bildirib ki, hazırda əsas müzakirələrdən biri münaqişə zonalarında tikili mühitin niyə sistemli şəkildə məhv edilməsinin araşdırılmasıdır:

 

“Burada məsələ təkcə dağıntı deyil. Söhbət şəhərlərin sosial, mədəni və heterogen quruluşunun hədəfə alınmasından gedir”.

 

Ekspert əlavə edib ki, urban münaqişələrin artdığı indiki dövrdə bu anlayışın daha aydın hüquqi və siyasi çərçivəyə salınması, həmçinin dövlətlərin və beynəlxalq qurumların siyasət formalaşdırarkən bunu nəzərə alması vacibdir.

 

“Cənubi Qafqazda gördüklərim düşüncəmi dəyişdi”,- o vurğulayıb.

 

Din Şarp bildirib ki, bu mövzuya marağı Cənubi Qafqazda, xüsusilə Qarabağ münaqişəsi və ətraf ərazilərlə bağlı araşdırmaları zamanı yaranıb. O, 2021-ci ildə Azərbaycanın azad olunmuş ərazilərinə - Ağdam, Füzuli, Şuşa, Zəngilan və digər bölgələrə səfər etdiyini xatırladıb.

 

Ekspert həmin ərazilərdə gördüyü sistemli dağıntının onu dərindən təsirləndirdiyini vurğulayıb:

 

“Orada gördüyüm dağıntı miqyası təkcə hərbi zərurətlə izah edilə bilməz. Bu, daha uzunmüddətli məntiqə əsaslanan sistemli bir prosesdir”.


Çıxışın sonunda ekspert vurğulayıb ki, müasir dövrdə şəhərsalma və münaqişə anlayışları daha çox bir-birinə inteqrasiya olunur və bu sahədə yeni nəzəri və siyasi yanaşmalara ehtiyac var.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ