"Müharibə xəbərləri dərin psixoloji izlər yaradır" -Neyropsixoloq

"Müharibə xəbərləri dərin psixoloji izlər yaradır" -Neyropsixoloq
Kateqoriya məlum deyil
T

Son günlər beynəlxalq gündəmdə müharibə və silahlı qarşıdurmalarla bağlı xəbərlərin intensivliyi artıb. Televiziya, xəbər portalları və xüsusilə sosial media vasitəsilə yayılan görüntülər və təhlillər insanların gündəlik informasiya istehlakının əsas hissəsinə çevrilib.

 

Davamlı olaraq təhlükə, qeyri-müəyyənlik və zorakılıq mövzulu məlumatlara məruz qalmaq isə təkcə məlumatlanma səviyyəsini deyil, eyni zamanda psixoloji vəziyyəti də formalaşdırır.

 

Maraqlıdır, davamlı müharibə xəbərlərinin insan psixologiyasına mənfi təsirləri nələrdir və bu, narahatlıq və təşviş pozuntularının artmasına səbəb ola bilərmi?

 

Neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlamasında bildirib ki, insan beyni təkamül olaraq kiçik sosial qruplarla yaşamaq üçün formalaşıb. Onun sözlərinə görə, bu gün sosial media vasitəsilə minlərlə insanın xəbəri, problemi və emosiyası ilə eyni anda qarşılaşmaq olur:

 

 

“Müasir dünyada sosial media məlumat əldə etmə və ünsiyyət formalarımızı kökündən dəyişib. Bu gün insanların böyük bir hissəsi dünyada baş verən hadisələri, xüsusilə də münaqişə və müharibə xəbərlərini məhz sosial media platformalarından izləyir. Bu platformalar informasiyanı sürətlə yaymaqla yanaşı, travmatik görüntülərin və mənfi xəbərlərin nəzarətsiz şəkildə yayılmasına da zəmin yaradır. Bu vəziyyət isə fərdlərin psixoloji sağlamlığına ciddi təsir göstərir. Neyropsixoloji nöqteyi-nəzərdən belə xəbərlərə tez-tez məruz qalmaq beynin təhlükə və stress siqnallarını emal edən sistemlərini hərəkətə gətirir. Nəticədə orqanizm stress reaksiyası verir və kortizol kimi stress hormonlarının səviyyəsi yüksəlir. Bu proses uzun müddət davam etdikdə, emosional tənzimləmə mexanizmləri zəifləyir. İnsan özünü daha gərgin və tükənmiş hiss edir. Streslə mübarizə qabiliyyəti aşağı düşür, sosial mediadan həddindən artıq istifadə və davamlı mənfi xəbər izləmək psixi sağlamlığın zəifləməsi ilə birbaşa bağlıdır.

 

Məsələn, bəzi tədqiqatlar smartfon asılılığı riski daşıyan insanların psixoloji davamlılığının digərlərinə nisbətən daha aşağı olduğunu sübut edir. Bunun səbəbi diqqət resurslarının tükənməsi və emosional yüklənmədir. Beyin həddindən çox mənfi informasiya ilə qarşılaşdıqda, emosiyaların tənzimlənməsində mühüm rol oynayan prefrontal korteks həddindən artıq yüklənir və neqativ xəbər axını və "sonsuz sürüşdürmə" (Doomscrolling) ciddi təhlükə yaradır, mənfi məzmunlara qısa müddət məruz qalmaq belə narahatlıq səviyyəsini artırır. Fəlakət, zorakılıq və böhran xəbərlərinin ard-arda izlənilməsi zehni yorğunluq yaradaraq ümidsizlik hissini gücləndirir. İnsanlar müzakirələrə qoşulmaq əvəzinə məzmunu yalnız passiv şəkildə izlədikdə, hadisələr üzərindəki nəzarət hissini itirirlər. Bu passivlik emosional yorğunluğu və psixoloji gərginliyi daha da çoxaldır”.

 

Müsahibimiz qeyd edib ki, müharibələr yalnız xəbər lenti ilə məhdudlaşmır, həm də cəmiyyətlərdə dərin psixoloji izlər qoyur:

 

“Müharibə sadəcə fiziki itki deyil, həm də uzunmüddətli travmadır. Travmatik hadisələr beynin yaddaş sisteminə təsir edərək travma sonrası stress pozuntusu, depressiya və təşviş kimi problemlərə yol açır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, silahlı münaqişələrdə travmatik hadisələr yaşayan insanların təxminən 10%-ində ciddi psixi sağlamlıq problemləri yaranır. Müharibənin psixoloji ağırlığı xüsusilə uşaqlar, qadınlar, yaşlılar və əlillər üzərində daha kəskin hiss olunur. Uşaqlarda bu, diqqət dağınıqlığı, qorxu və yuxu pozuntuları ilə özünü büruzə verir. İnkişaf etməkdə olan beyin stressə qarşı daha həssasdır. Uzunmüddətli münaqişələr ailə bağlarını zəiflədir, iqtisadi çətinlikləri artırır və cəmiyyətin ümumi rifahını sarsıdır. Psixoloji sağlamlıq insanın çətinliklərə adaptasiya olması və yenidən balans tapmasıdır. Mənfi xəbər axını bu balansı pozsa da, bəzi amillər beynin müqavimətini artırır. Travmanın və müharibənin psixoloji təsirlərini düzgün anlamaq, insanlara vaxtında dəstək mexanizmləri təklif etmək cəmiyyətin gələcək rifahı üçün çox vacib həyati əhəmiyyət kəsb edir".

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ