Dezinformasiyası sürətlə yayılır: həqiqəti necə ayırd edək?

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda informasiya məkanında da ciddi aktivlik müşahidə olunur. Sosial şəbəkələrdə, müxtəlif xəbər platformalarında və mesajlaşma tətbiqlərində təsdiqlənməmiş məlumatlar, emosional çağırışlar və manipulyativ paylaşımlar sürətlə yayılır.
Bu isə cəmiyyətdə panika, yanlış rəy formalaşması və ictimai rəyə təsir cəhdlərini gücləndirir. Xüsusilə müharibə və böhran dövrlərində dezinformasiya təhlükəsizlik qədər ciddi risk amilinə çevrilir.
Belə bir şəraitdə vətəndaşlar Yaxın Şərqlə bağlı yayılan saxta xəbərləri və manipulyativ informasiyaları necə ayırd edə bilər? Rəsmi və etibarlı mənbələri müəyyənləşdirmək üçün hansı meyarlara diqqət yetirilməlidir?
Suallarımız cavablandıran media eksperti Yadigar Məmmədli Sfera.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə gərginlik ocaqları çoxdur və bizi ən çox narahat edən isə İran-İsrail-ABŞ müharibəsidir. Onun sözlərinə görə, İranın ABŞ-nin bazalarının yerləşdiyi bir çox ərəb ölkələrinə hücumunun bizim ölkəmizə bilavasitə daha çox təhdidi var:

“Müharibə inkişaf etdikcə, uzandıqca bizə gərginlik yaranacaq. Bu baxımdan münaqişə varsa, onun maraqlı tərəfləri istədiyi formada yozurlar. Biz də ordakı hadisələri şərh etdikdə, istinad etdikdə onların mövqeyini vermiş oluruq. Biz Rusiya-Ukrayna müharibəsindəndə bunu gördük”.
Ekspert qeyd edib ki, münaqişə ilə bağlı Azərbaycanı, bizim cəmiyyəti düşündürən əsas məsələ real məlumatların verilməsidir:
“Özünə ciddi mətbuat deyən qurum İran mövqeyinə və yaxud İsrail mövqeyinə yaxın məlumatları yox, daha çox neytral mövqeli qlobal mediaları əsas götürməlidir. Balanslaşdırılmış məlumatlardan istifadə edib informasiya yaysaq, manipulyasiya və dezinformasiyaların qarşısını ala bilərik. Özümüzün bilavasitə mənbəyə gedib ordan məlumat almaq imkanlarımız çox zəifdir və mümkün deyil. Tərəfsiz medianın məlumatlarını yaymaqla dezinformasiya və manipulyasiyalardan qoruna bilərik”. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən isə bildirilib ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yaradabiləcək məlumat axını müşahidə olunmaqdadır. Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq. Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik"..
Niyaz Hacıyev
Sfera.az
