Hamiləlik zamanı oruc tutmaq olar? - Bu əlamətlər varsa...

Hamiləlik dövründə oruc tutmaq qərarı hər kəs üçün eyni deyil və ana ilə körpənin vəziyyətinə görə fərdi olaraq verilməlidir.
Sfera.az xəbər verir ki, hamiləlik zamanı oruc tutmağa qərar verərkən əsas diqqət ana və körpənin sağlamlığının qorunmasına yönəlməlidir. Hamilə qadınların oruc tutması hamiləliyin mərhələsinə, ananın sağlamlıq vəziyyətinə və körpənin inkişafına görə fərdi şəkildə qiymətləndirilməlidir.
Bədənin ehtiyacları dəyişir
Hamiləlik zamanı ananın maddələr mübadiləsi körpənin inkişafını dəstəkləmək üçün davamlı işləyir. Bu dövrdə qan şəkəri tez düşə bilər və uzun müddət qida və su qəbul etməmək zəiflik, başgicəllənmə və qan təzyiqinin aşağı düşməsinə səbəb ola bilər.
Hər hamiləlik eyni deyil
Sağlam hamiləliklə yüksək riskli hamiləlik eyni yanaşmanı tələb etmir. Oruc tutmaq ümumiyyətlə tövsiyə olunmur, xüsusilə gestasiya diabeti, anemiya, yüksək təzyiq, şiddətli ürəkbulanma və qusma, kifayət qədər çəki artımı, gecikmiş döl inkişafı və ya çoxdöllü hamiləlik hallarında. Bu hallarda müntəzəm qidalanma və maye qəbulu həm ananın, həm də körpənin sağlamlığı üçün vacibdir.
Oruc tutarkən diqqət ediləcək məqamlar:
İmsakda protein və mürəkkəb karbohidratlara üstünlük verilməlidir
İftar və sahur arasında kifayət qədər su içmək vacibdir
Yeməklər balanslı şəkildə planlaşdırılmalı, həddindən artıq yeməkdən çəkinilməlidir
Gün ərzində istirahət edilməli və ağır fiziki fəaliyyətlərdən uzaq durulmalıdır.
Orucu dayandırmaq üçün səbəblər
Şiddətli zəiflik, başgicəllənmə, huşunu itirmə, ürək döyüntüsü, dölün hərəkətinin azalması, həddindən artıq susuzluq və ya tünd sidik yaranarsa, oruc dərhal dayandırılmalı və həkimə müraciət edilməlidir. Dini cəhətdən asanlıq İslamda hamilə qadınlar, sağlamlıq riski olduqda, oruc tutmaqdan azad edilirlər. Çətinlik yaranarsa, orucu təxirə salmaq dini baxımdan çatışmazlıq hesab olunmur. Tutulmamış oruclar isə daha sonra qəza orucu kimi yerinə yetirilə bilər.
Qeyd edək ki, hamiləlikdə oruc tutmaq qərarı yalnız fərdi şərtlərə və həkim nəzarətinə əsaslanmalıdır. Ana və körpənin sağlamlığı hər zaman prioritet olmalıdır.
Mənsumə
