21 fevral Beynəlxalq Ana Dili Günüdür

21 fevral Beynəlxalq Ana Dili Günüdür
Kateqoriya məlum deyil
T

Bu gün – 21 fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu əlamətdar tarix UNESCO tərəfindən 1999-cu ildə təsis edilib və 2000-ci ildən etibarən beynəlxalq səviyyədə qeyd olunur.

 

Sfera.az xəbər verir ki, günün əsas məqsədi dil müxtəlifliyinin qorunması, ana dillərinin yaşadılması və çoxdilli təhsilin təşviqidir. Ana dili insanın kimliyinin, milli mənsubiyyətinin və mədəni yaddaşının əsas sütunlarından biridir. Həmçinin,dil vasitəsilə xalqın tarixi, ədəbiyyatı, adət-ənənələri və dünyagörüşü nəsildən-nəslə ötürülür. Bir çox xalqlar üçün ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də varlıq məsələsidir.

 

Tarixə nəzər salsaq, bu günün seçilməsi təsadüfi deyil. 1952-ci il fevralın 21-də Dəkkə şəhərində (indiki Banqladeş) tələbələr benqal dilinin rəsmi dil kimi tanınması tələbi ilə keçirilən aksiyada həyatlarını itirmişdilər. Bu hadisə ana dili uğrunda mübarizənin simvoluna çevrilib. Müasir dövrdə qloballaşma və texnologiyanın sürətli inkişafı bəzi kiçik dillərin yox olmaq təhlükəsi ilə üz-üzə qalmasına səbəb olur. Eyni zamanda, dünyada mövcud olan minlərlə dildən bir çoxu növbəti onilliklərdə yox ola bilər. Buna görə də ana dilinin qorunması həm dövlət siyasətində, həm də cəmiyyət səviyyəsində prioritet məsələyə çevrilməlidir. Ana dilinə sevgi ailədən başlayır. Uşaqların ilk sözləri, ilk duyğuları və ilk dünyagörüşü ana dili vasitəsilə formalaşır.

 

Bu baxımdan, ana dilində təhsil almaq və ana dilində düşünmək insanın intellektual inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Beynəlxalq Ana Dili Günü hər birimizə öz dilimizin qədrini bilməyi, onu düzgün və zəngin şəkildə istifadə etməyi xatırladır. Dilimizi qorumaq və kimliyimizi qorumaq deməkdir.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ