ABŞ Kubaya müdaxilə edəcək? – Pentaqon hazırlıq görür

"CBS News"un məlumatına görə, adları açıqlanmayan ABŞ rəsmiləri bildiriblər ki, ABŞ və İran arasında davam edən gərginlik fonunda Pentaqonun yüksək rütbəli rəsmiləri diqqətlərini Kubaya yönəldiblər.
Sfera.az xəbər verir ki, rəsmilərin iddiasına görə, hərbi planlaşdırma üzrə məmurlar son həftələrdə Kubaya qarşı fəaliyyət planlarını, o cümlədən minlərlə əsgərin iştirak edəcəyi və ABŞ-ın 101-ci Hava-Desant Diviziyasının rəhbərlik edəcəyi hava hücumu variantını "səssizcə" nəzərdən keçirirlər.
Rəsmilər bu araşdırmaların Prezident Donald Trampın və ya Pentaqonun hücum barədə qəti qərar verdiyi anlamına gəlmədiyini vurğulayıblar.
Onlar iddia ediblər ki, ABŞ-nin Yaxın Şərqdə hava və kəşfiyyat resurslarının cəmləşməsi, eləcə də İranla gərginliyin yenidən artması nəzərə alınarsa, diqqətin tamamilə Kubaya yönəldilməsi hazırda real görünmür.
Bu arada, məsələ ilə tanış olan mənbələr Trampın İranla bağlı müdafiə naziri Pit Heqsetlə bəzi fikir ayrılıqlarının olduğunu iddia ediblər. Rəsmilər nazirin "ilin əvvəlində İranın nüvə proqramını məhdudlaşdırmaq təklifini rədd etməsindən" məyus olduqlarını və bunun gərginliyi daha da uzatdığını ifadə ediblər.
Məlumata görə, Heqset İrana qarşı "daha kəskin qarşıdurma yanaşmasını" müdafiə edib, lakin prosesin getdikcə uzanan və mürəkkəb xarakter alması Trampın narazılığına səbəb olub.
Kuba ilə bağlı əvvəlki açıqlamalarında Tramp İrandan sonra diqqətlərini bu ölkəyə yönəldəcəklərini və Havana hökuməti ilə danışıqlar aparacaqlarını bildirmişdi.
O, Kubanın "uğursuz dövlət" olduğunu, onun siyasi və iqtisadi problemlərini isə yalnız ABŞ-ın həll edə biləcəyini vurğulamışdı.
Digər tərəfdən, Kuba Prezidenti Migel Diaz-Kanel ABŞ-ın onun ölkəsinə hərbi müdaxilə etmək üçün "bəhanə" axtardığını diqqətə çatdırıb. O, belə bir addımın atılacağı təqdirdə bölgənin "qan gölünə" çevriləcəyi barədə xəbərdarlıq edib.
Vasif
