Netanyahu ABŞ-yə gedir: Tramp ilə təkbətək görüşəcək

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfərə hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə İsrail media məlumat yayıb.
Məlumata əsasən, səfərin əsas məqsədi vəfat edən ABŞ-nin Respublikaçı senatoru Lindsey Qrehemin dəfn mərasimində iştirak etmək olsa da, Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında təkbətək görüşün keçirilməsi də gözlənilir.
“Yedioth Ahronot” qəzetinin yazdığına görə, Netanyahu şənbə gecəsi İsraildən ABŞ-yə yola düşəcək. “Israel Hayom” isə İsrail Baş nazirinin Ofisinin səfər çərçivəsində Netanyahu ilə Donald Tramp arasında görüşün təşkili üçün intensiv diplomatik fəaliyyət göstərdiyini bildirib.
Məlumata əsasən, İsrail tərəfi Netanyahu-Tramp görüşünün Lindsey Qrehemin dəfn mərasimindən bir gün əvvəl, yəni bazar ertəsi keçirilməsini gözləyir.
Qeyd olunub ki, son vaxtlar Vaşinqton administrasiyası İsrailə Suriya və Livanda nəzarətdə saxladığı ərazilərdən geri çəkilməsi istiqamətində təzyiqləri artırıb.
Xatırladaq ki, Netanyahu son rəsmi ABŞ səfərini fevralın 10-da həyata keçirmişdi. Həmin vaxt Donald Trampla keçirilən görüşdə əsas müzakirə mövzuları İranla aparılan danışıqlar və Qəzza zolağı ilə bağlı planın ikinci mərhələsi olub.
Bəsti Rəfizadə
