İsrail narahatdır - İran nüvə silahına sahib ola bilər

İsrail narahatdır - İran nüvə silahına sahib ola bilər
Kateqoriya məlum deyil
T

İsrail rəhbərliyi ABŞ-nin diqqətini Hörmüz boğazındakı vəziyyətə yönəltməsi fonunda İranın nüvə proqramı məsələsinin ikinci plana keçməsindən ciddi narahatdır.

Sfera.az xəbər verir ki, bu barədə “Al-Monitor” portalı İsrail hakimiyyətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəsmiləri hesab edirlər ki, Vaşinqton son həftələrdə İranın nüvə proqramı ilə bağlı məsələnin həllinə kifayət qədər maraq göstərmir. Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu narahatlığını dəfələrlə ABŞ Prezidenti Donald Trampa çatdırıb.

Mənbələrdən birinin sözlərinə görə, hazırda bütün diqqət Hörmüz boğazındakı vəziyyətə yönəlib və İranın nüvə proqramı demək olar ki, gündəmdən çıxıb.

“Bütün diqqət Hörmüz boğazına yönəlib. Heç kim nüvə məsələsindən danışmır. Bu, bizim üçün ən pis ssenaridir. Netanyahu Trampı bir neçə dəfə bu məsələyə diqqət yetirməyə razı salmağa çalışdı, lakin nəticə əldə olunmadı”, - deyə mənbə bildirib.

Portalın məlumatına əsasən, Benyamin Netanyahu iyulun 19-da Donald Trampla keçirəcəyi görüşdə İranın nüvə və raket proqramlarının yenidən ABŞ administrasiyasının əsas prioritetlərindən birinə çevrilməsinə çalışacaq.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Vaşinqton və Tehran arasında Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi fəaliyyətin dayandırılmasını nəzərdə tutan memorandum imzalanmışdı. Daha sonra İsveçrənin Bürgenştok şəhərində, Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ-İran danışıqları keçirilmiş, tərəflər texniki məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlmişdilər.

Lakin iyulun 8-də ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmaların pozulduğunu əsas gətirərək İrana qarşı genişmiqyaslı hücumları bərpa edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə iyulun 13-də Tehranın memorandumu pozmadığını, razılaşmanın icra edilməməsinə görə bütün məsuliyyətin Vaşinqtonun üzərinə düşdüyünü bəyan edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ