Livan-İsrail danışıqlarının altıncı raundu başladı

Livan-İsrail danışıqlarının altıncı raundu başladı
Kateqoriya məlum deyil
T

Roma şəhərində ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında sülh danışıqlarının altıncı raunduna start verilib. Tərəflər əsasən ortaq sərhəddə təhlükəsizlik tədbirlərinə dair əldə olunmuş razılaşmanın icrasını müzakirə edirlər.

Sfera.az xəbər verir ki, bu barədə TASS-a ərəb diplomatik mənbəsi məlumat verib.

Mənbənin sözlərinə görə, danışıqlar iki gün, yəni çərşənbə axşamı və çərşənbə günləri davam edəcək. Livan nümayəndə heyəti görüşlərə hər hansı ilkin şərt irəli sürmədən qatılıb. Beyrut üçün əsas prioritet atəşkəs rejiminin möhkəmləndirilməsi, İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsi və Livan ordusunun ölkənin cənub bölgələrinə yerləşdirilməsidir. Bunun gələcəkdə bərpa prosesinin başlanmasına zəmin yaradacağı bildirilib.

Livan nümayəndə heyətinə ölkənin ABŞ-dəki səfiri Nada Hammade-Muavvad, 2025-ci ildə Ras ən-Naqurada İsraillə aparılan danışıqların keçmiş rəhbəri Simon Karam və prezidentin hərbi məsələlər üzrə müşaviri, ekspert Ziyad Heykal daxildir. İsrail nümayəndə heyətinə isə ölkənin Vaşinqtondakı səfiri Yexiel Layter rəhbərlik edir.

Xatırladaq ki, iyunun 26-da tərəflər Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən beş raund danışıqlardan sonra təhlükəsizlik tədbirlərinə dair çərçivə sazişi imzalayıblar. Sazişə əsasən, Livan Silahlı Qüvvələri mərhələli şəkildə ölkə ərazisi üzərində tam suveren nəzarəti bərpa etməlidir.

Razılaşmaya uyğun olaraq, İsrail qoşunlarının çıxarılacağı pilot zonalar yaradılacaq. Livanın Baş naziri Nəvaf Salam daha əvvəl bildirib ki, ilk mərhələdə İsrail hərbçiləri Litani çayı üzərində yerləşən Zautar əl-Qərbi və Zautar əş-Şərqi rayonlarından, həmçinin Bint Cübeyl sərhəd bölgəsindəki Əl-Qanduriyyə və Frun yaşayış məntəqələrindən çıxarılacaq.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ