İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü

İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
Kateqoriya məlum deyil
T

İsrail Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS-ın hərbi qanadına bağlı “Nuxba” xüsusi təyinatlı dəstəsinin komandiri Yəhya Həmdanın zərbə nəticəsində öldürüldüyünü bəyan edib.

Sfera.az xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata görə, Yəhya Həmdan 2023-cü il oktyabrın 7-də Qəzza zolağı yaxınlığındakı Reim hərbi bazasına hücumda iştirak edib.

Bildirilib ki, əməliyyat Qəzza zolağının cənubunda həyata keçirilib və Həmdan yüksək dəqiqlikli hava zərbəsi ilə zərərsizləşdirilib.

SAXAL-ın açıqlamasında qeyd olunub ki, Yəhya Həmdan son aylarda İsrail hərbçilərinə qarşı hücumların təşkilində iştirak edib, həmçinin HƏMAS-ın əməliyyat imkanlarının bərpası istiqamətində fəaliyyət göstərib. İsrail ordusunun qiymətləndirməsinə görə, o, birbaşa təhlükə yaratdığı üçün hədəfə alınıb.

Ordudan bildirilib ki, zərbə endirilməzdən əvvəl mülki əhali arasında itkilərin minimuma endirilməsi üçün zəruri tədbirlər görülüb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS silahlıları Qəzza zolağından İsrail ərazisinə hücum edərək sərhədyanı yaşayış məntəqələrinə basqın etmiş, çoxsaylı insan həlak olmuş və 250 nəfər girov götürülüb. Bundan sonra İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək, eləcə də girovları azad etmək məqsədilə Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ