NATO-dan heyrətamiz qərar: Hərbiyə 3 trilyon dollar ayrılacaq

NATO üzvü olan ölkələrin əksəriyyəti illik müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizinədək artırmağa razılaşıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində çıxışı zamanı bildirib.
Bəs NATO ölkələrinin ümumi iqtisadi gücü nə qədərdir və ÜDM-in 5 faizi hansı məbləğə bərabər olacaq?
Sfera.az xəbər verir ki, hazırda NATO-nun 32 üzvü var. Beynəlxalq maliyyə institutlarının son qiymətləndirmələrinə əsasən, alyansa daxil olan ölkələrin ümumi nominal ÜDM-si təxminən 60-62 trilyon ABŞ dolları təşkil edir.
Bu, dünya iqtisadiyyatının təxminən yarısından çoxuna bərabərdir.
Bu göstərici əsasında hesablandıqda, NATO ölkələrinin ÜDM-nin 5 faizi təxminən 3-3,1 trilyon ABŞ dolları edir. Müqayisə üçün qeyd edək ki, bu məbləğ dünyanın əksər ölkələrinin ümumi illik iqtisadiyyatından daha böyükdür.
Hazırda NATO-nun qüvvədə olan əsas hədəfi üzv ölkələrin müdafiəyə ÜDM-in ən azı 2 faizini ayırmasıdır. Lakin son illərdə, xüsusilə də Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və qlobal təhlükəsizlik riskləri fonunda müdafiə xərclərinin artırılması məsələsi gündəmə gəlib.
Əgər bütün NATO üzvləri 5 faizlik hədəfi tam yerinə yetirsə, müdafiə büdcələri indiki səviyyə ilə müqayisədə yüz milyardlarla dollar artacaq. Bu isə hərbi texnologiyalar, silah istehsalı, hava hücumundan müdafiə sistemləri, kibertəhlükəsizlik və hərbi infrastruktur sahələrinə rekord həcmdə investisiyaların yönəldilməsi demək olacaq.
Qeyd edək ki, NATO ölkələri arasında ən böyük iqtisadiyyata malik dövlət ABŞ-dir. Alyansın ümumi ÜDM-sinin təxminən 45-50 faizi təkcə ABŞ-nin payına düşür. Ondan sonra Almaniya, Böyük Brintaniya, Fransa, İtaliya və Kanadagəlir.
Müdafiə xərclərinin bu səviyyəyə çatdırılması bir tərəfdən NATO-nun hərbi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq, digər tərəfdən isə bəzi üzv ölkələrdə sosial proqramlar və büdcə balansı ilə bağlı yeni müzakirələrə səbəb ola bilər.
Firuzə Əliyeva
