ABŞ-dən İrana zərbə: İki gün ərzində neçə hədəf vuruldu?

ABŞ-dən İrana zərbə: İki gün ərzində neçə hədəf vuruldu?
Kateqoriya məlum deyil
T

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 7-8-də İrana qarşı həyata keçirilən hava zərbələrinin nəticələri ilə bağlı yeni məlumat yayıb. Bildirilib ki, iki gün ərzində ümumilikdə 170-ə yaxın hərbi obyekt hədəfə alınıb.

Sfera.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, iyulun 8-də keçirilən əməliyyat zamanı İranın təxminən 90 hərbi hədəfi vurulub.

Hədəflər sırasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə məntəqələri, raket və pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbarlar, hərbi dəniz qüvvələrinə məxsus obyektlər, eləcə də İranın sahil xətti boyunca yerləşən hərbi-logistika infrastrukturu yer alıb.

Qeyd olunub ki, bu əməliyyatlar əvvəlki gecə həyata keçirilən hücumların davamı xarakteri daşıyıb.

CENTCOM bildirib ki, iyulun 7-də baş tutan ilk hücum dalğasında isə İranın təxminən 80 hərbi hədəfi məhv edilib. Onların arasında İran İnqilab Keşikçiləri Korpusuna məxsus 60-dan çox sürətli hərbi katerin də olduğu iddia olunub.

Açıqlamada əməliyyatların İranın atəşkəsi pozaraq Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücum etməsindən sonra həyata keçirildiyi irəli sürülüb. ABŞ tərəfi bu əməliyyatlarla Tehrana “ağır bədəl ödətməyi” hədəflədiyini bildirib.

CENTCOM əlavə edib ki, ABŞ qüvvələri regionda yüksək döyüş hazırlığı vəziyyətindədir və Prezident Donald Trampın göstərişinə uyğun olaraq yeni əməliyyatlar keçirməyə hazırdır. Bununla da, zərurət yaranacağı təqdirdə İrana qarşı yeni hərbi zərbələrin endirilə biləcəyi mesajı verilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ