Meloni və Tramp arasında NATO gərginliyi - FOTO

Ankarada keçirilən NATO Zirvəsində liderlərin ailə fotosu çəkilərkən yaşanan bir an, İtaliyanın Baş naziri Corca Meloni ilə ABŞ Prezidenti Donald Tramp arasındakı gərginliyi yenidən gündəmə gətirib.
Sfera.az xəbər verir ki, Zirvə çərçivəsində liderlərin ailə şəkli üçün platformaya çıxdığı vaxt kameralara düşən kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.
Fotoda Trampın Meloninin yanından keçdiyi an xanım baş nazirin başını çevirməsi diqqətdən qaçmayıb. Bu kadr, iki lider arasında son dövrlər yaşanan sərt polemikalardan sonra xüsusi maraqla qarşılanıb.
Bir vaxtlar siyasi xətlərinin oxşarlığı səbəbindən beynəlxalq mediada "Trampın pıçıltısı" (Trump whisperer) olaraq adlandırılan Meloni və Trampın münasibətləri son vaxtlar kəskin pisləşib.
İki siyasətçi arasındakı gərginlik ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra daha da dərinləşib. Tramp Melonini İtaliyadakı hərbi bazaların ABŞ döyüş təyyarələri üçün istifadəsinə icazə verməməkdə və İrana qarşı əməliyyata dəstək verməməkdə günahlandırıb.
İyun ayında Fransada keçirilən G7 Zirvəsindən sonra tərəflər arasında gərginlik pik həddə çatıb. Tramp Meloninin onunla şəkil çəkdirmək üçün yalvardığını iddia edərək, "Normalda icazə verməzdim, amma acıdım" sözlərini işlədib. Meloni isə bu iddiaları sərt şəkildə rədd edərək, "Tamamilə uydurmadır. Nə mən, nə də İtaliya heç kimə yalvarmaz", - cavabını verib.
Ankaradakı zirvəyə bir neçə saat qalmış isə Tramp sosial media hesabında Meloninin fotosunu paylaşaraq, "Uzaqlaşdırma əmri lazımdır" ifadəsini yazıb. İtaliya mətbuatı bu paylaşımı "Zirvə öncəsi şok hücum" və "Zirvədə zəlzələ effekti" kimi şərh edib.
Diplomatik mənbələrin məlumatına görə, son günlər münasibətləri yumşaltmaq üçün aparılan gizli danışıqlar Trampın bu son addımı ilə faktiki olaraq kölgədə qalıb. NATO Zirvəsindəki həmin kadr isə iki liderin arasındakı "soyuq müharibənin" ən bariz göstəricisi kimi qiymətləndirilib.
Bəsti Rəfizadə
Sfera.az

