"Onu tennis topu kimi bir-birinə ötürəcəklər" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Ankarada keçirilən Liderlər Zirvəsi ilə bağlı sərt açıqlamalar verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Zaxarova NATO ölkələrinin sammit çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskiyə yalnız öz maraqları çərçivəsində yanaşacağını iddia edib.
“Onlar bir-biri ilə əl sıxacaq, Zelenskini isə xaki rəngli stolüstü tennis topu kimi bir-birinə ötürəcək və onun üzərindən öz maraqları naminə oynayacaqlar. Hər şey həmişə olduğu kimi davam edəcək”, - deyə o, Sputnik Radionun efirində bildirib.
Rusiya XİN-in sözçüsü həmçinin Qərb ölkələrinin Kiyevlə bağlı terrorizm məsələsini sammitin rəsmi gündəmindən kənarda, qapalı müzakirələr zamanı gündəmə gətirəcəyini iddia edib.
Onun sözlərinə görə, “Kollektiv Qərb”in dəstəklədiyi qüvvələr sonda həmin ölkələrin özləri üçün də təhlükəyə çevrilə bilər.
Zaxarova əlavə edib ki, Kiyev hakimiyyətini dəstəkləyən dövlətlər artıq bunun nəticələrini hiss etməyə başlayıblar.
Qeyd edək ki, Mariya Zaxarovanın səsləndirdiyi fikirlər Rusiyanın rəsmi mövqeyini əks etdirir və bu iddialarla bağlı NATO və ya Ukrayna tərəfindən hər hansı rəsmi münasibət açıqlanmayıb.
Bəsti Rəfizadə
