Ərdoğanla Trampın görüş saatı açıqlandı

Ərdoğanla Trampın görüş saatı açıqlandı
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun 32 üzv ölkəsinin dövlət və hökumət başçılarının iştirak edəcəyi zirvə toplantısı çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Sfera.az xəbər verir ki, sammitdə NATO-ya üzv ölkələrin liderləri ilə yanaşı, 100-ə yaxın nazir, çoxsaylı diplomat və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Toplantıda əsas müzakirə mövzularından biri Ukraynadakı vəziyyət, həmçinin alyansın cənub cinahında baş verən son hadisələr olacaq.

Proqrama əsasən, Rəcəb Tayyib Ərdoğan əvvəlcə Kanadanın Baş naziri Mark Karni, daha sonra isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə ikitərəfli görüş keçirəcək.

Günün diqqət çəkən məqamlarından biri isə ABŞ Prezidenti Donald Trampın rəsmi mərasimlə qarşılanması olacaq. Liderlərin görüşündə regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Axşam saatlarında Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan sammitdə iştirak edən dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşlarının şərəfinə rəsmi ziyafət verəcəklər.

Ərdoğanın liderlərlə ikitərəfli görüş saatları:

Saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Kanadanın Baş naziri Mark Karni, saat 12:30-da (13:30) isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşəcək. Saat 15:00-da (16:00) ABŞ Prezidenti Donald Trampı rəsmi mərasimlə qarşılayacaq.

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, saat 19:30-da (20:30) dövlət və hökumət başçıları ilə onların həyat yoldaşlarının şərəfinə ziyafət verəcəklər.

Qeyd edək ki, Ankarada keçirilən NATO sammitinin təhlükəsizliyinin təmin olunması məqsədilə 10 minlərlə polis əməkdaşı xidmətə cəlb edilib.

PAYLAŞ