Maskın DOGE dövrü başa çatdı: Büdcəyə xeyli ziyan vurub

ABŞ Prezidenti Donald Trampın dövlət xərclərini azaltmaq məqsədilə yaratdığı və İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) fəaliyyətini rəsmi olaraq dayandırıb. Qurumun həyata keçirdiyi proqramların federal büdcəyə təxminən 11 milyard dollar əlavə yük yaratdığı bildirilir.
Sfera.az xəbər verir ki, İlon Maskın rəhbərliyi altında həyata keçirilən proqram çərçivəsində federal dövlət qurumlarında genişmiqyaslı ixtisarlar aparılıb.
Bunun ardınca bir çox dövlət qurumları yaranmış kadr çatışmazlığını aradan qaldırmaq üçün yenidən işə qəbul prosesini sürətləndirib.
Məlumata görə, DOGE-nin ən çox müzakirə olunan təşəbbüslərindən biri federal dövlət qulluqçularının sayının azaldılması olub. Bu müddətdə yüz minlərlə əməkdaş ya işdən çıxarılıb, ya da könüllü ayrılma proqramları çərçivəsində vəzifəsini tərk edib.
Xüsusilə “Fork in the Road” (“Yol ayrıcı”) proqramına qoşulan əməkdaşlara əməkhaqqı və sosial təminat ödənişləri verilib. Bildirilir ki, həmin ödənişlər federal büdcəyə təxminən 11 milyard dollar əlavə xərc yaradıb.
İxtisar və büdcə məhdudiyyətlərindən ən çox zərər görən qurumlardan biri "United States Agency for International Development" (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) olub. Kadr azalmaları və maliyyə ixtisarları səbəbindən agentliyin bir çox proqramı məhdudlaşdırılıb və DOGE-nin fəaliyyəti federal idarəetmədə ən çox müzakirə olunan addımlardan birinə çevrilib.
Qurumun fəaliyyətinin başa çatmasından sonra federal qurumlar xidmət və əməliyyat imkanlarını bərpa etmək məqsədilə yeni işçi qəbullarına başlayıblar. Bildirilib ki, ilin ilk beş ayında dövlət qurumları tərəfindən 104 mindən çox yeni vakansiya elan edilib və bu göstərici əvvəlki dövrlə müqayisədə əhəmiyyətli artım nümayiş etdirib.
ABŞ Personalın İdarə Olunması Ofisinin koordinasiyası ilə həyata keçirilən yeni mərhələdə müvəqqəti və müqaviləli işçilər əvəzinə daimi və tam ştatlı əməkdaşların işə götürülməsinə üstünlük veriləcəyi qeyd olunur. Məqsəd DOGE dövründə yaranmış kadr çatışmazlığını və xidmət sahələrindəki boşluqları aradan qaldırmaqdır.
DOGE fəaliyyətə başladığı gündən dövlət xərclərində milyardlarla dollar qənaət əldə etdiyini iddia etsə də, proqramın real maliyyə nəticələri və qənaətin həcmi ilə bağlı müzakirələr davam edir. Ağ Ev qurumun fəaliyyətinə dair yekun hesabat dərc etməyəcəyini açıqlayıb. Eyni zamanda, DOGE-nin rəsmi internet səhifəsində təqdim olunan qənaət göstəricilərinin etibarlılığı da müxtəlif ekspertlər tərəfindən şübhə altına alınır.
Bəsti Rəfizadə
