Tramp bu məsələdə israr edir: Ankara sammitindən gözləntilər

Tramp bu məsələdə israr edir: Ankara sammitindən gözləntilər
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini israrla müdafiə xərclərini artırmağa çağırır. Bu ilin iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində Trampın bu istəyini təkrarlayacağı gözlənilir.

Məlumatlara görə, sammit zamanı milyardlarla dollar dəyərində hərbi müqavilələrin elan ediləcəyi də nəzərdə tutulub.

ABŞ-nin NATO-ya daxil olan ölkələrin hərbi xərclərini artırmaq istəyində israr etməsi nə ilə bağlıdır? Dünyada yeni vəziyyət hərbi xərclərin artırılmasını tələb edir?

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Sfera.az-a açıqlama verib.

O bildirib ki, Amerika prezidentinin NATO üzvü olan ölkələrin hərbi xərclərini artırması ilə bağlı tələbi yeni deyil:

“Hələ onun birinci prezidentlik dövründə də NATO ölkələrindən bu xərclərin ümumi daxili məhsulun 2 faizinə qədər artırılmasını tələb edirdi. Həmin vaxt da əksər ölkələr bu tələbi qulaqardına vurmuşdular. Donald Trampın ikinci prezidentlik dövründə isə o, bu tələbini daha da sərtləşdirərək hərbi xərclərin ÜDM-in 5 faizinə qədər artırılmasını istəyir. Keçən il Haaqa sammitində bununla bağlı prinsipial razılıq əldə olundu. Lakin bu razılıq əldə edilsə də, bir çox ölkələr hələ də ona əməl edib-etməmək məsələsində tərəddüd edirlər. Bu baxımdan Donald Trampın bu məsələni yenidən gündəmə gətirəcəyi və Avropa ölkələrinə təzyiq göstərəcəyi gözləniləndir”.

Politoloq bu tələbin irəli sürülməsindəki əsas səbəbləri açıqlayıb:

“Bu tələbin irəli sürülməsinin əsas səbəbi ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları hesab edir ki, son 10 ildə NATO büdcəsinə təxminən 1 trilyon dollara yaxın vəsait ödəyib. Digər Avropa ölkələrinin ödənişləri isə bununla müqayisədə xeyli az olub. Bu baxımdan ABŞ təhlükəsizlik təminatlarının maliyyələşdirilməsində Avropa ölkələrinin də məsuliyyəti bölüşməsini, necə deyərlər, əllərini daşın altına qoymasını istəyir. Ən azı, hərbi xərclərə ayrılan maliyyənin artırılmasını tələb edir. ABŞ NATO-nun yükünü artıq paylaşdırmaq və bu məsuliyyəti Avropa ölkələri ilə bölüşmək niyyətindədir. Yəni əsas səbəb bundan ibarətdir. Amerika açıq şəkildə bildirir ki, əgər təhlükəsizlik təminatı istəyirsinizsə, o zaman hərbi xərcləri artırmaq məcburiyyətindəsiniz. ABŞ hesab edir ki, illər boyu özü hərbi xərclərini artırdığı halda, Avropa ölkələri bu xərcləri azaltmaqla sosial rifah səviyyələrini yüksəldiblər və bu vəziyyət Amerika üçün məqbul hesab olunmur”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ