Meloni ilə qalmaqal bitmir: Trampdan yeni sataşma

Meloni ilə qalmaqal bitmir: Trampdan yeni sataşma
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Corcia Melonini hədəf alan sosial şəbəkə paylaşımı iki lider arasındakı gərginliyi pik həddə çatdırıb. Türkiyədə keçiriləcək NATO sammiti ərəfəsində yaşanan bu hadisə iki ölkə münasibətlərindəki ixtilafı daha da dərinləşdirir.

Sfera.az xəbər verir ki, ABŞ lideri Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə yaşadığı gərginliyi özünə məxsus "Truth Social" platformasına daşıyıb.

80 yaşlı Tramp 49 yaşlı Meloni ilə montaj olunmuş (fotoşop) şəklini paylaşaraq, İtaliya Baş naziri haqqında "uzaqlaşdırma qərarı verilməlidir" ifadəsini işlədib. Sözügedən fotoda Meloninin Trampa gülümsəyərək yuxarı baxdığı əks olunub. Bu paylaşımın Trampın keçmiş Prezident Barak Obama və xanımı Mişel Obamanın da saxtalaşdırılmış fotosunu ehtiva edən bazar günü paylaşımlarının bir hissəsi olduğu bildirilir.

İki lider arasındakı gərginlik Trampın ötən həftə irəli sürdüyü iddialarla başlayıb. Belə ki, Tramp Meloninin son G7 sammitində onunla şəkil çazdırmaq üçün "təkrar-təkrar" müraciət etdiyini və sanki buna görə "yalvardığını" iddia edib.

Bundan əlavə, Tramp avropalıların enerji və miqrasiya məsələlərində hər şeyi yanlış etdiyini müdafiə edərək, bu problemlər həll olunmayacağı təqdirdə Avropanın heç vaxt əvvəlki kimi olmayacağını vurğulayıb.

Ağ Ev rəhbərinin bu bəyanatlarından sonra İtaliyanın xarici işlər naziri Antonio Tayani Vaşinqtona planlaşdırdığı rəsmi səfərini ləğv edib.

Baş nazir Corcia Meloni isə Trampın bu iddialarını tamamilə uydurma adlandıraraq “İtaliya və mən heç vaxt yalvarmarıq", - deyib.

İtaliyanın "Adnkronos" xəbər agentliyinin yaydığı məlumata görə, "Rete 4" kanalına danışan Meloni anti-Amerika mövqeyində olmadığını, lakin dünən də diz çökmədiyini diqqətə çatdırıb.

Qərbin birlik içində daha güclü olduğuna və İtaliyanın da bu birliyin tərkib hissəsi kimi gücləndiyinə inandığını ifadə edən baş nazir sağlam münasibətlərin şəffaflığa əsaslandığını və özünün də hər zaman açıqsözlü bir insan olduğunu vurğulayıb.

Bəsti Rafizadə

Sfera.az

PAYLAŞ