Sevgilisinin nişanlısını öldürmüş 70 yaşlı qadın azadlığa buraxıldı

Böyük Britaniyada keçmiş sevgilisinin nişanlısını qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan 70 yaşlı qadının şərti azadlığa buraxılması barədə qərar qəbul edilib.
Sfera.az bildirir ki, məlumata görə, Mariya Pirson 1986-cı ildə keçmiş sevgilisinin nişanlısı Canet Nyutona 17 bıçaq zərbəsi endirərək onu öldürüb. O, ömürlük həbs cəzasına məhkum edilsə də, 12 ildən sonra şərti azadlığa buraxılmaq hüququ qazanmışdı.
Lakin 1998-ci ildən etibarən keçirilən bütün iclaslarda Şərti Azadlığa Buraxılma Komissiyası qadını cəmiyyət üçün təhlükəli hesab etdiyindən onun müraciətlərini rədd edib. Son iclasda isə komissiya Mariya Pirsonun artıq təhlükə yaratmadığı qənaətinə gəlib və onun azadlığa buraxılmasına razılıq verib.
Beləliklə, Pirson 39 il həbsdə qalaraq Böyük Britaniya tarixində ən uzun müddət həbs cəzası çəkmiş qadın məhkum olub. Qətlə yetirilən Canet Nyutonun bacısı məhkəmədən qadının azadlığa buraxılmamasını xahiş etsə də, komissiya bu müraciəti nəzərə almayıb.
Qeyd edək ki, bu rekord daha əvvəl 1960-cı illərdə beş uşağın qətlində iştirak etdiyinə görə məhkum edilmiş Mayra Hindliyə məxsus idi. O, həbsxanada 36 il qaldıqdan sonra 2002-ci ildə vəfat edib.
İnci
Sfera.az
