Google-un süni intellekt üzrə vitse-prezidenti OpenAI-a keçdi

Google şirkətinin süni intellekt üzrə vitse-prezidenti və Gemini model bölməsinin rəhbərlərindən biri olan Noam Şazir şirkəti tərk edərək OpenAI-a qoşulub.
Sfera.az xəbər verir ki, məlumatı "CNBC" yayıb. Şazir yeni iş yeri ilə bağlı açıqlamasında OpenAI komandası ilə işləməkdən məmnun olduğunu bildirib.
Qeyd edək ki, Noam Şazir süni intellekt sahəsində dünyanın ən tanınmış mühəndislərindən biri hesab olunur. O, 2017-ci ildə “Attention Is All You Need” elmi məqaləsinin müəlliflərindən biri olub. Bu araşdırma sonradan müasir böyük dil modellərinin əsasını təşkil edən transformerlər arxitekturasının yaranmasına səbəb olub.
Mütəxəssis Google-da işləməyi “şərəf və xoş təcrübə” adlandıraraq bu qərarın onun üçün çətin olduğunu qeyd edib.
Şazirin Google-dan ayrılması son illərdə ikinci belə addımıdır. O, 2021-ci ildə də şirkəti tərk etmiş, daha sonra 2024-cü ildə Google onun və həmkarı Daniel De Freitasın yaratdığı Character.AI startapına 2,7 milyard dollar sərmayə yatıraraq onları geri qaytarmışdı.
Müşahidəçilərin fikrincə, baş verənlər süni intellekt sahəsində aparıcı mütəxəssislər uğrunda şirkətlər arasında rəqabətin kəskinləşdiyini göstərir.
Qeyd edək ki, son aylarda AI sahəsində digər şirkətlərdə də mühüm kadr dəyişiklikləri və istefalar qeydə alınır.
İnci
Sfera.az
