Mask tarixdə ilk trilyonçu oldu

Amerikalı sahibkar İlon Mask "SpeysX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) sayəsində tarixdə ilk trilyonçu olub.
Sfera.az xəbər verir ki, "SpaceX", "Tesla" və "X" (keçmiş Twitter) kimi nəhəng şirkətlərin sahibi olan İlon Maskın aktivləri kosmos yarışı sayəsində pik həddə çatıb. Raket, peyk və süni intellekt sahələrində fəaliyyət göstərən "SpaceX" şirkətinin xalqa təqdim edilməsi investorlar tərəfindən böyük maraqla qarşılanıb. Şirkət cəmi bir gün ərzində investorlardan 75 milyard dollar vəsait toplamağı bacarıb.
"Forbes"in əvvəlki hesablamalarına görə, Maskın sərvəti təxminən 780 milyard dollar civarında idi. Lakin səhmlərin birjada ticarətə başlaması ilə amerikalı iş adamının xalis varlığı 1,1 trilyon dolları geridə qoyub. Mütəxəssislər "SpaceX"in bu nəhəng dəyərini sadəcə maliyyə göstəriciləri ilə izah etmirlər. Maliyyə bazarlarında son illərdə formalaşan "Elon primi" anlayışı investorların birbaşa Maskın şəxsi vizyonuna və layihələrinə olan sonsuz etimadını göstərib. Məhz bu inam onun şirkətlərinin ənənəvi qiymətləndirmə üsullarından qat-qat baha dəyərləndirilməsinə yol açıb.
Xatırladaq ki, İlon Mask 2022-ci ildə "Twitter"i (indiki "X") 44 milyard dollara alaraq media nəhənginə çevrilib və milyonlarla insana birbaşa təsir imkanı qazanıb. Bu platforma vasitəsilə miqrasiya siyasətindən tutmuş dövlət xərclərinə qədər bir çox qlobal mövzuda çıxışlar edən Mask, ABŞ-nin siyasi mühitinə də ciddi təsir göstərir. Xüsusilə ABŞ Prezidenti Donald Tramp administrasiyasında aldığı rəsmi vəzifə onun ən çox müzakirə edilən addımlarından biri olub.
Bəsti Rəfizadə
Sfera.az
