Tramp: İran nüvə silahına malik olmayacaq

ABŞ və İran arasında əldə olunan atəşkəsin taleyi ilə bağlı müzakirələr davam edir. Xüsusilə Donald Trampın son açıqlamalarından sonra atəşkəsin gələcəyi ilə bağlı suallar yaranıb. Bununla belə Vaşinqton və Tehran arasında diplomatik təmasların davam etdiyi vurğulanıb.
Sfera.az xəbər verir ki, Donald Tramp qatıldığı podkast proqramında İranla aparılan danışıqlar prosesini dəyərləndirib. O bildirib ki, Tehranın nüvə silahına sahib olmaması ABŞ üçün əsas şərtlərdən biridir.
Trampın sözlərinə görə, İran rəhbərliyi danışıqlar prosesini dəstəkləyir və gələcəkdə İranın ali rəhbəri Əli Xamenei ilə görüş ehtimalı istisna edilmir.
ABŞ prezidenti daha əvvəl də İranın nüvə silahı əldə etməsinin Vaşinqton üçün “qırmızı xətt” olduğunu bəyan edib.
Tramp ABŞ-da inflyasiyanın nəzarət altında olduğunu iddia edərək regiondakı gərginliyin azalmasının enerji qiymətlərinə də müsbət təsir göstərəcəyini bildirib:
“İranla bağlı böhran tam həll olunduqdan sonra enerji qiymətləri də aşağı düşəcək”, – deyə o vurğulayıb.
ABŞ prezidenti həmçinin İsrailin baş naziri Benjamin Netanyahu ilə sərt tonda danışdığını açıqlayıb. Tramp İsrailin regiondakı hərbi fəaliyyətləri ilə bağlı narahatlığını ifadə edib.
O, İranla aparılan danışıqlarda müəyyən çətinliklərin yarandığını, lakin onların aradan qaldırıldığını bildirib. Tramp əlavə edib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı razılaşma memorandumunun yaxın günlərdə yekunlaşması mümkündür.
Mənsumə
Sfera.az
