Meksikada ABŞ sərhədinə aparan nəhəng yeraltı tunel aşkarlandı

Meksikada ABŞ sərhədinə aparan nəhəng yeraltı tunel aşkarlandı
Kateqoriya məlum deyil
T

Meksika polisi ABŞ sərhədinə çıxışı olan nəhəng yeraltı tunel aşkarlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb. Məlumata görə, tunel ölkənin şimal-qərbində yerləşən Nueva Tixuana bölgəsində federal hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı üzə çıxarılıb. Yer səthindən 6 metrdən artıq dərinlikdə yerləşən tunelin uzunluğu təxminən 265 metrdir. İstintaqın ilkin nəticələrinə əsasən, yeraltı keçid insanların qanunsuz şəkildə ABŞ ərazisinə keçirilməsi məqsədilə istifadə olunmalı idi.

 

Əməliyyat zamanı tuneldə və ona bitişik ərazilərdə axtarış aparan polis əməkdaşları müxtəlif sursatlar, mobil telefonlar, bank kartları, rəqəmsal videoyazı cihazı, həmçinin onlarla doza metamfetamin narkotik vasitəsi aşkarlayaraq götürüblər. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Meksika rəsmiləri tunelin hansı cinayətkar qruplaşma tərəfindən inşa edildiyini və nə qədər müddətdir fəaliyyət göstərdiyini müəyyənləşdirməyə çalışırlar.

 

Son illərdə Meksika-ABŞ sərhədində narkotik qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya məqsədilə istifadə olunan gizli tunellərin sayı artıb. Hüquq-mühafizə orqanları bu cür keçidlərin aşkarlanması üçün sərhəd bölgələrində nəzarəti gücləndirib.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ