Tramp Zelenskinin məktubunu buna görə cavabsız qoydu

ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenskinin təcili məktubuna hələlik cavab verməməsi Kiyevin münaqişənin nizamlanması ilə bağlı irəli sürülən şərtlərə münasibət bildirməsinin gözlənilməsi ilə əlaqədar ola bilər.
Sfera.az xəbər verir ki, bu fikri Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Politologiya Departamentinin dosenti Aleksandr Konkov "Lenta.ru"ya müsahibəsində səsləndirib.
Politoloqun sözlərinə görə, Zelenskinin Trampa ünvanladığı məktubun ümumiyyətlə mövcud olmaması da mümkündür. O hesab edir ki, Ukrayna lideri müraciətini ictimai bəyanatlar vasitəsilə çatdırmış ola bilər.
“Lakin məktub həqiqətən göndərilibsə belə, mənim anlayışıma görə, müəyyən şərtlər, tələblər və qərarlar artıq qəbul olunub və hazırda hamı ilk növbədə Ukrayna tərəfinin reaksiyasını gözləyir. Bu barədə həm Rusiya, həm də ABŞ tərəfdən açıqlamalar səsləndirilib. Əgər Ukrayna ondan gözlənilən addımlara cavab vermirsə, bu halda yalnız öz tələblərinə cavab gözləməsi məntiqli görünmür”, – deyə Konkov bildirib.
Politoloq əlavə edib ki, bu, siyasi baxımdan kifayət qədər aydın mesajdır:
“Öz müraciətinə cavab almaq istəməzdən əvvəl, ilk növbədə sənə ünvanlanan müraciətə reaksiya verməlisən”.
Qeyd edək ki, Volodimir Zelenski mayın 27-də Donald Trampa təcili məktub göndərib. Ukrayna Prezidenti ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri üçün vəsait və sursat çatışmazlığının kritik həddə çatdığını vurğulayaraq ABŞ-dən dəstəyi artırmağı xahiş edib.
Məlumata görə, Zelenski məktubunda HHM komplekslərinin, eləcə də "Patriot" sistemləri üçün PAC-3 raketlərinin tədarükünün genişləndirilməsini istəyib. Bunun səbəbi kimi isə Ukrayna Silahlı Qüvvələrində sursat ehtiyatlarının azalması göstərilib.
Hazırda nə Donald Tramp, nə də ABŞ Konqresi Zelenskinin müraciətinə ictimai şəkildə reaksiya verib.
İnci
Sfera.az
