Çin-dən ABŞ-yə milyardlar axacaq: "İş yerləri Amerikaya qayıdacaq"

Çin-dən ABŞ-yə milyardlar axacaq: "İş yerləri Amerikaya qayıdacaq"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Çinin Amerika şirkətlərinə yüz milyardlarla dollar investisiya yatırmağa hazırlaşdığını bildirib. ABŞ lideri Çin sədri Si Cinpinlə keçirilən görüş zamanı Amerikanın ən iri şirkətlərinin rəhbərlərinin də iştirak etdiyini qeyd edib. 


“Bu insanlar müqavilələr bağlamaq və iş yerlərini ABŞ-yə qaytarmaq üçün buraya gəliblər”, - Donald Tramp vurğulayıb.


Onun sözlərinə görə, Çin həmin görüşdə iştirak edən şirkətlərə yüz milyardlarla dollar sərmayə yatırmaq niyyətindədir.

 

Bəs bu razılaşmalar iki ölkə arasında ticarət dövriyyəsini daha da artıracaqmı? Çinin ABŞ-nin əsas ticarət tərəfdaşı olması ehtimalı güclənirmi? 

 

Siyasi şərhçi Çingiz Şahbazi Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Çinə səfərini ABŞ-Çin münasibətlərində son dövrlərdə qlobal proseslər fonunda yaranmış gərginliyin azaldılması və münasibətlərin daha idarəolunan, sabit məcraya yönəldilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirmək olar:


“Paralel olaraq hər iki ölkənin həm iqtisadi əməkdaşlığa ehtiyac duyması, həm də strateji rəqabətdə müəyyən problemlərin aradan qaldırılması üçün ortaq təşəbbüslər axtarması baxımından bu görüş xüsusi əhəmiyyət daşıyır. Hazırda ABŞ mediasında ən çox müzakirə olunan məqamlardan biri Trampın Çinin Amerika şirkətlərinə yüz milyardlarla dollar investisiya yatırmağa hazırlaşdığı ilə bağlı açıqlamasıdır. Görüşlərdə ABŞ-nin ən böyük texnologiya və sənaye şirkətlərinin rəhbərlərinin, xüsusilə İlon Mask, Tim Kuk və digər iri korporasiya nümayəndələrinin iştirak etməsi də dünya ictimaiyyətinin diqqətini cəlb edib. Səfər, əsasən Trampın Çinlə iqtisadi kanalları yenidən açmaq cəhdi kimi təqdim olunur. Bunun ABŞ və Çin arasında ticarət dövriyyəsinin artmasına səbəb ola biləcəyi proqnozlaşdırılır. Görüş çərçivəsində enerji sahəsində əməkdaşlıq da ön plana çıxıb və Çinin ABŞ neftinin idxalına xüsusi maraq göstərməsi diqqət çəkən məqamlardan biri olub. Bununla belə, ABŞ və Çin arasında tam iqtisadi yaxınlaşmanın yaxın perspektivdə mümkün olmadığı vurğulanır. Çünki bunun üçün tarif müharibələrinin aradan qaldırılması, texnologiya embarqolarının yumşaldılması və Tayvan məsələsi ətrafında yaranan ciddi geosiyasi qarşıdurmaların həlli tələb olunur”.

 

 

Ekspert əlavə edib ki, Donald Tramp daha çox simvolik siyasi nəticələr əldə etməyə çalışır: 


“Çin isə vaxt itirmədən texnoloji üstünlük qazanmaq niyyətini davam etdirir. Görüş ərəfəsində Çin prezidenti Si Tsinpinin Trampa Tayvan məsələsi ətrafında toqquşma, hətta müharibə riskinin qalması ilə bağlı mesaj verməsi də bunu göstərir. Bu isə iqtisadi yaxınlaşma cəhdlərinə baxmayaraq, təhlükəsizlik və geosiyasi gərginliklərin hələ də davam etdiyini ortaya qoyur. Bütün bunların fonunda Trampın Çinə səfəri daha çox iki ölkə arasında qarşıdurmanın qarşısının alınması, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qorunması və inkişaf etdirilməsi baxımından məhsuldar addım kimi qiymətləndirilir. Pekin, Avropa bazarının zəiflədiyi bir dövrdə ABŞ kapitalı və texnologiya əlaqələrinin qırılmasından ehtiyat edir. Bu səbəbdən Çin tərəfi xüsusilə ABŞ investisiyaları və texnologiya əməkdaşlığını ön plana çıxarmağa çalışır. Bu isə eyni zamanda Çinin Qərb bazarlarına çıxış imkanlarını da genişləndirə bilər.
Çin anlayır ki, ABŞ üçün alternativ istehsal və əməkdaşlıq mərkəzləri mövcuddur. Hindistan, Vyetnam və Meksika kimi ölkələr müəyyən mənada Çini əvəz edə bilər. Bununla belə, mütəxəssislər hesab edirlər ki, ABŞ və Çin iqtisadiyyatlarının bir-birindən tam ayrılması real görünmür. Çünki dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı əlaqələrin tam qırılması qlobal bazarlara ciddi zərbə vura bilər. Məhz buna görə son görüş daha çox “rəqabətli əməkdaşlıq” modelinin qorunması və davam etdirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirilir”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ