İrana üçtərəfli təhlükəsizlik çətiri: Yeni geosiyasi ittifaq yaranır?

Rusiyanın və Çinin İrana təhlükəsizlik zəmanəti verə biləcəyi, həmçinin İslam Respublikası ilə ABŞ arasında mövcud gərginliyin aradan qaldırılmasında əsas rol oynaya biləcəyi ilə bağlı fikirlər səsləndirilib. Bu barədə Şanxay Beynəlxalq Araşdırmalar Universiteti nəzdində fəaliyyət göstərən Şanxay Qlobal İdarəetmə və Ərazi Araşdırmaları Akademiyasının professoru və icraçı direktoru Yanq Çenq açıqlama verib.
Maraqlıdır, bu yanaşma yeni geosiyasi ittifaqın formalaşmasının göstəricisi sayıla bilərmi? Moskva və Pekin ABŞ ilə İran arasında münasibətlərin normallaşmasında vasitəçi missiyasını üzərinə götürə bilərmi?
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, bu gün Çin qlobal siyasi və iqtisadi proseslərdə mühüm və həlledici rol oynayan əsas aktorlardan biri kimi çıxış edir:

“İranın da ən vacib strateji tərəfdaşlarından biri məhz Çindir və bu əməkdaşlıq bir sıra regional və beynəlxalq məsələlərdə tərəflərin mövqelərinə birbaşa təsir göstərir. Bu kontekstdə Pekində Çin və ABŞ liderləri arasında baş tutan görüşdən sonra səsləndirilən fərqli bəyanatlar da göstərir ki, müzakirələrin arxa planında təkcə ikitərəfli münasibətlər deyil, həm də ABŞ–İran xəttində baş verən proseslər dayanır. Bu cür təmaslar, tərəflərin mövqelərini daha aydın ifadə etməsi ilə yanaşı, qlobal güc balansında yeni yanaşmaların formalaşdığını da ortaya qoyur”.
Politoloq qeyd edib ki, əldə olunan razılaşmaların real həyatda tam şəkildə icrası üçün hələ erkən mərhələ hesab olunur və prosesin zamanla necə inkişaf edəcəyi bir sıra amillərdən asılı olacaq:
“Lakin ümumi mənzərə göstərir ki, Vaşinqton üçün əsas strateji rəqib kimi qəbul edilən Çinlə dialoqun davam etdirilməsi olduqca vacib xarakter daşıyır. Bu kontekstdə müəyyən şərtlər daxilində İran və ABŞ arasında danışıqların daha yeni formatlarda və fərqli istiqamətlər üzrə davam etməsi ehtimalı artır. Nəticə etibarilə, danışıqlarda ya konkret nəticələrin əldə olunması, ya məsələlərin müəyyən müddətə dondurulması, ya da ortaq məxrəcə gəlinməsi ehtimalları əvvəlki dövrlərlə müqayisədə daha real görünür”.
Niyaz Hacıyev
Sfera.az
