Hörmüz böhranı: İran dünyanı ikiyə bölüb

İranın Rusiyadakı səfiri Kazem Cəlali rəsmi Tehranın Hörmüz boğazından keçid üçün tətbiq edilən rüsumlarda Rusiya və bir sıra digər ölkələr üçün istisnalar nəzərdə tutduğunu açıqlayıb. Məlumata görə, bu rüsumlar ABŞ və İsrailin hücumlarından sonra artan təhlükəsizlik xərclərini qarşılamaq məqsədilə tətbiq edilib. Hazırda isə ABŞ-nin tətbiq etdiyi blokada aradan qaldırılana qədər boğazın tamamilə bağlandığı bildirilir.
Bəs Hörmüz boğazının qapadılması və bəzi ölkələr üçün güzəştli rüsumların müəyyənləşdirilməsi regional güc balansına və qlobal enerji bazarına necə təsir göstərəcək?
Siyasi şərhçi Elnur Ənvəroğlu Sfera.az-a açıqlamasında qeyd edib ki, İranın keçidi məhdudlaşdırması və rüsum siyasəti davamlı xarakter alarsa, bu, regional çərçivəni aşaraq qlobal geosiyasi və enerji sistemində şok effekti yarada bilər:

“Hörmüz boğazı dünyanın ən strateji dəniz keçidlərindən biridir. Lakin əsas məsələ İranın bu addımı uzun müddət davam etdirməyə qadir olub-olmamasıdır. Subyektiv qənaətimə görə, Tehran bu rejimi uzun müddət saxlaya bilməyəcək. Çünki burada məsələ təkcə ABŞ və İsrail kimi rəqiblərlə məhdudlaşmır, söhbət bütün dünya ölkələrinin maraqlarından gedir. Bu, İran üçün olduqca riskli bir "kartdır". Hörmüzü siyasi silaha çevirmək dünyanın nəhəng güclərini eyni anda qarşıya almaq deməkdir.
Bəs bu addım İranın zəifliyindən xəbər verir? Hesab edirəm ki, xeyr. İran hərbi potensial baxımından ABŞ-dən geri qalsa da, strateji manevr imkanlarını qoruyub saxlayır. Bu qərar zəiflik əlaməti deyil, əksinə, strateji rıçaq qazanmaq cəhdidir. Yəni birbaşa hərbi qarşıdurmada üstünlük əldə edə bilmirsə, boğaz üzərindəki coğrafi üstünlüyünü işə salır. Hörmüzdə nəzarətin qısa müddətə belə ələ keçirilməsi "Brent" neftinin kəskin bahalaşmasına, mayeləşdirilmiş təbii qaz (LNG) qiymətlərində sıçrayışa, tanker sığortası və daşınma xərclərinin artmasına, nəticədə isə qlobal bazarlarda panikaya səbəb ola bilər”.
E.Ənvəroğlu əlavə edib ki, İranın bu mövqedə inad etməsi vəziyyəti daha ciddi eskalasiyaya doğru apara bilər:
“Məsələn, ABŞ bölgədəki hərbi kontingentini daha da artıra, Səudiyyə Ərəbistanı və BƏƏ kəskin anti-İran blokuna keçə bilər. Eyni zamanda İsrailin daha aqressiv xətt seçməsi ehtimalı yüksəkdir. Ən yumşaq ssenaridə isə ərəb ölkələri alternativ boru kəməri layihələrini sürətləndirəcəklər. Hesab edirəm ki, bu prosesə artıq start verilib. Lakin xərclərin yüksək olması və gələcəklə bağlı qeyri-müəyyənlik səbəbindən həmin layihələr hələlik müzakirə mərhələsindədir”.
Fidan Hacızadə
Sfera.az
