Hörmüz boğazında böhran: 100 milyon insan qida təchizatı riski ilə üz-üzə

Hörmüz boğazında böhran: 100 milyon insan qida təchizatı riski ilə üz-üzə
Kateqoriya məlum deyil
T

ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra strateji əhəmiyyətə malik Hörmüz boğazının faktiki olaraq bağlanması Körfəz regionunda ciddi təchizat böhranı yaradıb.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, qida məhsullarının 80-98 faizini idxal edən Körfəz ölkələrində təxminən 100 milyon insan ərzaq çatışmazlığı təhlükəsi ilə qarşı-qarşıya qalıb. Məlumata görə, regiona qida daşınmasının əsas marşrutu hesab edilən Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlar təkcə enerji axınını deyil, eyni zamanda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələrə qida tədarükünü də ciddi şəkildə pozub. Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edir ki, yaranmış vəziyyət 2022-ci ildə Ukrayna müharibəsinin başlanmasından bəri qlobal təchizat zəncirlərində ən ciddi pozuntulardan birinə çevrilə bilər. “Müharibə dövrü qaydaları”nın tətbiqi səbəbindən bir sıra gəmiçilik şirkətləri təzə qida məhsulları ilə yüklənmiş konteynerləri Dubay kimi əsas mərkəzlərə deyil, Hindistan və Şri-Lanka kimi daha təhlükəsiz hesab edilən limanlara yönləndirməyə başlayıb. Bölgədə iyirmidən çox gəmiyə hücum edildiyi bildirilir. Bu isə qida pərakəndəçilərini boğazdan kənarda tonlarla məhsulu qeyri-müəyyən müddətə saxlamağa və ya daha bahalı alternativ marşrutlara keçməyə məcbur edir.

 

Xüsusilə təzə meyvə-tərəvəz və gündəlik tələbat mallarının vaxtında mağaza rəflərinə çatdırılması çətinləşib. Təchizat zənciri menecerləri göndərişlərin çatdırılma tarixləri ilə bağlı ciddi qeyri-müəyyənliklərin yarandığını bildirirlər. Artan təhlükəsizlik riskləri və yüksələn sığorta haqları daşınma xərclərini kəskin artırıb. Müharibə şəraitində hər konteyner üçün əlavə 4 min dollar xərc formalaşıb, Avropadan daşımaların qiyməti isə ciddi şəkildə yüksəlib. Nəticədə, süd məhsulları və təzə ərzaqların qiymətində 20 faizə qədər artım müşahidə olunur. Quru logistikasında isə konteyner başına xərclərin 9 min dollara çatdığı qeyd edilir. Hava daşımaları da vəziyyəti yüngülləşdirə bilmir. Dubay Beynəlxalq Hava Limanına hücumlar və müvəqqəti bağlanmalar hava yük daşımalarını da iflic edib. Bu səbəbdən pərakəndə satış şirkətləri alternativ marşrutlar hazırlamağa məcbur qalıb.

 

Bildirilir ki, bəzi iri supermarket şəbəkələri Böyük Britaniyadan çıxan qida konteynerlərini yük maşınları ilə Fransa və Türkiyə üzərindən 12 gün ərzində Körfəzə çatdırmaq üçün ehtiyat planlarını işə salıb. Hava daşımalarından 40 faiz daha ucuz hesab edilən bu quru dəhlizi, hazırda regionda ərzaq böhranının qarşısını almaq üçün əsas çıxış yolu kimi qiymətləndirilir. Digər tərəfdən, Tramp administrasiyasının ABŞ Hərbi Dəniz Qüvvələri vasitəsilə ticarət gəmilərinə müşayiət və təhlükəsizlik təmin etmək təşəbbüsü də gündəmdədir. Lakin ekspertlər bu planın praktikliyinə şübhə ilə yanaşır. Təhlillərə görə, belə bir hərbi müşayiət əməliyyatı həyata keçirilərsə, prioritet qida gəmilərinə deyil, neft tankerlərinə verilə bilər. Hazırda Körfəz ölkələri limanlararası tranziti sürətləndirmək üçün yeni ticarət dəhlizləri açmağa çalışsa da, davam edən müharibə milyonlarla insan üçün qida və yanacaq təchizatını qeyri-müəyyən vəziyyətdə saxlayır.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ