NATO İraqdan çıxır - Əsgərlər Avropaya göndərildi

Yaxın Şərqdəki müharibədən qaynaqlanan təhlükələr səbəbindən NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə edib.
Sfera.az xəbər verir ki, bu, yerli ordunu yetişdirmək üçün aparılan təlim missiyasının bir hissəsi olub.
Məlumat NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç tərəfindən açıqlanıb.
“Bütün NATO heyətinin İraqdan Avropaya təhlükəsiz şəkildə köçürülməsinə görə İraq Respublikasına və bütün NATO ölkələrinə təşəkkür edirəm”, – deyə Qrinkeviç bildirib. O əlavə edib ki, NATO-nun Neapoldakı regional qərargahı artıq İraqla məsafədən əməkdaşlıq edəcək.
NATO-nun Brüsseldəki sözçüsü Alison Hart da bu məlumatı təsdiqləyib.
“NATO üzvü və tərəfdaş ölkələrlə sıx məsləhətləşmələr apararaq İraqdakı missiyamızın yerini dəyişdirdiyimizi təsdiqləyirik. Şəxsi heyətimizin təhlükəsizliyi bizim üçün çox vacibdir, ona görə də əlavə məlumat verməkdən çəkinirik”, – deyə o bildirib.
Hart, həmçinin missiyanın təxliyəsinə baxmayaraq, NATO ilə İraq arasında təhlükəsizlik məsələləri üzrə praktik dialoqun davam edəcəyini vurğulayıb.
Niyaz Hacıyev
Sfera.az
