Qətərin LNG infrastrukturu hədəf alındı – Qlobal enerji bazarında şok

İran tərəfindən həyata keçirildiyi iddia olunan dəqiq zərbə nəticəsində Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) ixrac infrastrukturunun təxminən 20 faizi sıradan çıxarılıb.
Sfera.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, hücum əsasən istehsal zəncirinin ən mürəkkəb və bərpası çətin olan hissələri olan soyutma qüllələri və mayeləşdirmə qurğularını hədəf alıb.
Ekspertlər bildirirlər ki, bu tip obyektlərin spesifik quruluşu səbəbindən əvvəlki ixrac səviyyəsinə qayıdışın illər, hətta yarım onillik çəkə biləcəyi istisna edilmir.
Qeyd edək ki, Qətər dünya LNG bazarının təxminən 20 faizini təmin edir. Bu səbəbdən baş verən hadisə qlobal enerji bazarında uzunmüddətli təchizat problemləri yarada və qiymətlərin rekord səviyyədə qalmasına gətirib çıxara bilər.
Analitiklər hücumu regional hava müdafiə sistemləri üçün ciddi uğursuzluq kimi qiymətləndirir və bunu enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq “qırmızı xətlərə” açıq çağırış hesab edirlər. Bildirilir ki, bu hadisə artıq qısamüddətli hərbi məqsədlərdən daha çox, strateji sənaye infrastrukturunun hədəfə alınması tendensiyasını gücləndirir.
Hazırda hadisənin təsirləri daha çox Avropa və Asiya regionlarında hiss olunur. Bir sıra ölkələrin elektrik enerjisi və istilik təminatında Qətər qazından asılı olması vəziyyəti daha da gərginləşdirir. Təchizat zəncirlərində dəyişikliklər başlasa da, analitiklər mövcud qlobal bazarda belə böyük itkinin kompensasiya ediləcək ehtiyat gücün olmadığını bildirirlər.
Eyni zamanda, sənaye obyektlərində baş verən yanğınların söndürülməsi istiqamətində işlər davam edir. Hadisə fonunda ABŞ və müttəfiqlərinə təzyiqlərin artdığı, həmçinin mümkün cavab addımlarının gündəmdə olduğu qeyd olunur. Ekspertlər xəbərdarlıq edir ki, qarşılıqlı zərbələr enerji infrastrukturunu hədəf alarsa, bu, 2026-cı ildə daha genişmiqyaslı enerji qarşıdurmasına səbəb ola bilər.
Firuzə Əliyeva
Sfera.az
