Avropa Ukraynadan geri çəkilir?

Avropa Ukraynadan geri çəkilir?
Kateqoriya məlum deyil
T

Son dövrlərdə Ukrayna və Rusiya arasında gedən müharibə və onun yaratdığı siyasi-iqtisadi təsirlər Avropa Birliyi daxilində ciddi müzakirələrə səbəb olub. Xüsusilə enerji təhlükəsizliyi, iqtisadi sabitlik, miqrasiya axını və hərbi dəstək məsələləri bir çox üzv dövlətlər üçün əlavə yük yaradıb.

 

Bu fonda bəzi Avropa liderləri Ukraynaya göstərilən genişmiqyaslı dəstəyin uzunmüddətli nəticələrini sual altına alır və bunun Birliyin daxili balansına təsir etdiyini iddia edir. Bu kontekstdə Viktor Orban kimi siyasətçilərin çıxışları xüsusi diqqət çəkir. Macarıstanın baş naziri hesab edir ki, Ukraynaya verilən siyasi və maliyyə dəstəyi Avropa Birliyinin resurslarını zəiflədir və təşkilat daxilində fikir ayrılıqlarını dərinləşdirir. Onun bu yanaşması həm də Macarıstanın daha müstəqil xarici siyasət xətti yürütmək istəyi, Rusiya ilə münasibətləri qorumaq strategiyası və Avropa Birliyinin mərkəzləşmiş qərarlarına qarşı ehtiyatlı mövqeyi ilə əlaqələndirilir.

 

Viktor Orbanın “Ukrayna Avropa Birliyini zəiflədir” fikri nə dərəcədə reallığı əks etdirir və bu yanaşmanın arxasında hansı siyasi motivlər dayanır?

 

Mövzu ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Macarıstan Baş naziri Viktor Orbanın Ukrayna-Aİ münasibətləri ilə əlaqədar səsləndirdiyi fikirlər kiçik məqamlar çıxmaq şərtilə tamamilə reallıqları əks etdirmir:

 

 

“İlk növbədə Ukrayna böhranı fonunda Orban tərəfindən iddia edilən zəiflədilmə məsələsi fonunda bir sıra nüanslara toxunaq. Burada bəlli olan məsələlər var ki, onlar daha çox iqtisadi aspektləri əhatə edir. Kiyevə edilən yardımlar birlik ölkələri iqtisadiyyatlarında büdcə və sosial xərclər üzərində müəyyən təzyiqlər yaradır. Bununla yanaşı, Rusiya ilə münasibətlərin gərginləşməsi özünü enerji çətinlikləri ilə müşahidə edir ki, bu da enerji qiymətlərini artıran əsas faktordur. Digər bir məsələ isə Aİ daxilində olan fikir ayrılıqlarıdır. Lakin sadalanan faktlar Macarıstan Baş nazirinin qeyd etdiyi kimi zəifləmə yox, daha çox adaptasiyadır. Biz çalışmalıyıq ki, prosesə geniş spektrdən yanaşaq. Ukrayna müharibəsi Avropa üçün öz gücünü və rolunu təsdiqləmək baxımından keçid dövrüdür. Əgər sözügedən münaqişə olmasaydı qitə ölkələrinin enerji sahəsində Rusiyadan asılılığı davam edəcəkdi, təhlükəsizlik məsələlərindəki boşluqlar aşkara çıxmayacaqdı. İndi Avropa İttifaqı özünü müstəqil aktor kimi təsdiq etmək reallığı ilə qarşı-qarşıyadır. Və mövcud dinamika, xüsusilə, ABŞ ilə yaşanan mübahisələr bunu şərtləndirir”.

 

Siyasi şərhçi qeyd edib ki, bununla paralel, Viktor Orban Ukrayna məsələsində bu günə qədər digər Aİ ölkələrinin liderləri kimi ortaq fikirdə deyil:

 

“O, Rusiya ilə yumşaq münasibətlərin qurulmasının tərafdarıdır və daha çox balanslı yanaşma tələb edir. Ancaq onun bu tip ritorikası Rusiya qarşısında bariyer rolu oynayan Ukraynanı çətin vəziyyətə salır”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ