ABŞ İrana görə 200 milyard dollar axtarır

ABŞ Hərbi Nazirliyi İranda hərbi əməliyyatları davam etdirmək üçün 200 milyard dollardan çox vəsait axtarır və bu vəsaitin bir hissəsini sursat ehtiyatlarını artırmaq üçün istifadə etməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadən yazıb. Məqalədə deyilir ki, Pentaqon Ağ Evdən İrandakı müharibənin maliyyələşdirilməsi üçün Konqresə göndərilən 200 milyard dollardan çox tələbi təsdiqləməsini istəyib. Hesabata görə, bu vəsaitlərin bir hissəsi ABŞ və İsrail qüvvələrinin son üç həftə ərzində minlərlə hədəfə zərbə endirməsi nəticəsində xərclənən vacib silahların istehsalını təcili olaraq artırmaq üçün ayrılacaq.
Hesabatda deyilir ki, Ağ Evin sonda Konqres qanunvericilərindən nə qədər təsdiq istəyəcəyi hələ də məlum deyil. ABŞ administrasiyasının bəzi rəsmiləri hesab edirlər ki, bu ehtiyaclar üçün 200 milyard dollar almaq qeyri-real olardı. WP yazıb ki, maliyyələşdirmə tələbi, çox güman ki, Konqresdə böyük bir siyasi mübarizəyə səbəb olacaq.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhdidləri iddiaları ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ hərbi bazalarına da zərbələr endirilib. Ali Rəhbər Ayətullah Əli Xamenei və bəzi digər İran liderləri ABŞ-İsrail birgə hücumunda öldürülüb.
Firuzə Əliyeva
Sfera.az
