NATO daxilində Hörmüz çatı: ABŞ-yə dəstək yoxdur

ABŞ-nin NATO ölkələrindən hərbi və logistik dəstək istəməsi, lakin bəzi müttəfiqlərin bu çağırışa ehtiyatla yanaşması alyans daxilində fikir ayrılıqlarını gündəmə gətirib. Bu vəziyyət Vaşinqtonun münaqişəni genişləndirmək niyyəti, NATO-nun mümkün rolu və uzunmüddətli perspektivdə hansı tərəfin daha çox təzyiq altında qalacağı ilə bağlı sualları ön plana çıxarır.
ABŞ NATO ölkələrini müharibəyə cəlb etməklə nəyə nail olmaq istəyir?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, NATO-nun əsas mexanizmi kollektiv müdafiədir:
“5-ci maddəyə əsasən, hər hansı bir üzv ölkəyə birbaşa hücum olduqda, bu maddə avtomatik işə düşür. Hörmüz boğazının NATO ərazisi olmadığını nəzərə alsaq, Vaşinqtonun çağırışının heç bir hüquqi əsasının olmadığını demək olar. Bu baxımdan, ABŞ-nin dəstək çağırışına rədd cavabı verən müttəfiq ölkələr var. Əlbəttə ki, bu müharibə NATO-nun müharibəsi deyil. Bunu Avropa İttifaqı ölkələri liderlərinin ifadələrində dəfələrlə eşitmişik. Xüsusilə də Böyük Britaniya, Avstraliya və Yaponiya açıq şəkildə Fars körfəzinə hərbi gəmilərini göndərməkdən imtina ediblər.
Bilirsiniz ki, Böyük Britaniyanın yeni hökuməti yenicə formalaşıb və hazırkı Baş nazir Kir Starmer İranda baş verənlərlə bağlı, xüsusilə də körfəzdəki blokada məsələlərində çox ehtiyatla hərəkət edir. Bir Britaniya və ya Yaponiya gəmisi Hörmüz boğazında zərər görərsə, bu, həmin ölkələrin siyasi həyatında şok yaradar və hökumətlərə təzyiq ciddi şəkildə artar. Fars körfəzi İran üçün strateji baxımdan bu müharibədə böyük əhəmiyyət kəsb edir və İran haqlı olduğunu sübut etmək üçün Fars körfəzini bloklayıb. Bu da dünyada enerji resurslarına olan tələbatı artırır, nəticədə qiymətlər yüksəlir və dünya iqtisadiyyatını katastrofik vəziyyətə aparır”.

Ç. Şahbazi qeyd edib ki, ABŞ-nin NATO-dan dəstək istəməsi əslində onun yürütdüyü siyasətlə bağlı narahatlığından irəli gəlir:
“Hörmüzdə İrana qarşı birbaşa müharibəyə girmək davanın genişlənməsinə səbəb ola bilər. Bu, istər Tramp administrasiyası, istərsə də Netanyahu hökuməti üçün ciddi təhlükələr vəd edir. İranın körfəzdəki hərbi gücü — sürətli hücum qayıqları, dəniz minaları və pilotsuz uçuş aparatları ABŞ donanması üçün risk yaradır. Uzunmüddətli qarşıdurmada ABŞ-nin ciddi itkilərə məruz qalması qaçılmazdır. NATO-nun birbaşa müharibəyə girmə ehtimalı zəif olsa da, mina aşkarlayan dronlar vasitəsilə dəstək verməsi mümkündür. Bu isə daha çox diplomatik balans kimi qiymətləndirilə bilər”.
Fidan Hacızadə
Sfera.az
