ABŞ Xark adasını ələ keçirir? – Riskli quru əməliyyatı planı

ABŞ Xark adasını ələ keçirir? – Riskli quru əməliyyatı planı
Kateqoriya məlum deyil
T

ABŞ İranın Xark adasında yerləşən neft infrastrukturu üzərində nəzarəti ələ keçirmək məqsədilə hərbi əməliyyat variantını nəzərdən keçirir. ABŞ rəsmilərinə istinad edən mənbələr bildirib ki, Vaşinqton administrasiyası adadakı ən böyük neft terminallarından birinin nəzarətə götürülməsi imkanlarını müzakirə edir. Qeyd olunur ki, belə bir addım ABŞ-nin genişmiqyaslı quru əməliyyatı həyata keçirməsini tələb edə bilər.


Bəs quru hücumu başlayarsa, müharibənin gedişatı necə dəyişəcək? Kənar müdaxilələr gözləniləndirmi?


Siyasi şərhçi Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Xark adasını ələ keçirmək istəyi təkcə neft infrastrukturu ilə bağlı deyil, bütövlükdə ölkəni nəzarətə götürmək niyyətindən xəbər verir:

 


“Vaxtilə İran və İraq Şəttül-Ərəb sahilindəki strateji əhəmiyyətli kiçik bir ərazi uğrunda 8 il müharibə aparıblar. İran rejiminin hərbi müqavimət qabiliyyəti qaldıqca, ABŞ-nin sözügedən adanı ələ keçirib saxlaması real görünmür. Belə bir cəhd müharibəni daha da alovlandıracaq. Adada quru əməliyyatı baş tutarsa, bu, əsas quru ərazilərdə də hərbi əməliyyatların davamını qaçılmaz edə bilər. Mərkəzi hakimiyyət adanın itirilməsinə hər vəchlə mane olacaq. Lakin bu addım ABŞ üçün 'tələ' də ola bilər”.


T.İrfan əlavə edib ki, neft terminallarının hədəf alınması ABŞ-nin beynəlxalq imicinə zərbə vura bilər:


“Əgər əsas problem nüvə proqramı və ya rejimin xarakteridirsə, neft amili ikinci planda qalmalı idi. Neftin ələ keçirilməsi cəhdi ABŞ-yə 'işğalçı' damğası vura bilər. Bu isə Çinə və Ukrayna müharibəsində Rusiyaya öz hərəkətlərinə legitimlik qazandırmaq üçün fürsət verər. Digər tərəfdən, məqsəd yalnız iqtisadi rıçaqları ələ keçirməkdirsə, bu, hətta İran daxilindəki etirazçı kəsimin də ABŞ-yə münasibətini mənfiyə doğru dəyişə bilər. İran rəhbərliyi bu vəziyyətdən təbliğat vasitəsi kimi məharətlə istifadə edəcək. Üstəlik, İran cavab olaraq Körfəz ölkələrinə hücumları intensivləşdirə və ya adadakı neft infrastrukturunu özü sıradan çıxara bilər. Hər bir halda, quru əməliyyatı son dərəcə risklidir”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ