"Almaniyanın Hörmüzlə bağlı rəsmi mövqeyi yoxdur"

Almaniyanın xarici işlər naziri Yohann David Vadeful bildirib ki, NATO-nun Hörmüz boğazında yaranmış gərginliyin həlli və ya boğazın qorunması məsələsində rəsmi rolu görünmür.
Sfera.az xəbər verir ki, nazir bu barədə Brusselsdə keçirilən Avropa İttifaqının Xarici İşlər Şurasının iclası öncəsi danışıb. O bildirib ki, alyansın bu istiqamətdə hər hansı qərar qəbul etdiyinə dair məlumat yoxdur. “NATO-nun bu istiqamətdə hər hansı bir qərar verdiyini və ya Hörmüz boğazı üçün məsuliyyəti öz üzərinə götürə biləcəyini görmürəm. Əgər belə olsaydı, NATO qurumları buna müvafiq şəkildə yanaşardı”,- deyə Vadeful vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp boğazın təhlükəsizliyinin təmin olunması üçün Avropa müttəfiqlərinə təzyiqi artırıb. O, NATO üzvlərinin Vaşinqtona dəstək verməyəcəyi halda onları “çox pis gələcəyin” gözlədiyi barədə xəbərdarlıq edib. Digər tərəfdən, Danimarkanın xarici işlər naziri isə bildirib ki, ölkəsi Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin olunmasına hansı formada töhfə verə biləcəyini açıq şəkildə nəzərdən keçirməlidir.
Firuzə Əliyeva
Sfera.az
