İran müharibəsi Körfəz savaşına çevriləcək? - AÇIQLAMA

İran müharibəsi Körfəz savaşına çevriləcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə gərginliyin artması fonunda regionda təhlükəsizlik və enerji təchizatı ilə bağlı narahatlıqlar daha da güclənir. Xüsusilə İran ilə regionun digər ölkələri arasında qarşıdurma ehtimalının artması qlobal enerji bazarlarında ciddi müzakirələrə səbəb olur. Körfəz regionu dünya neft ixracının mühüm hissəsini təmin etdiyi üçün burada baş verən hər hansı hərbi eskalasiya təkcə regional deyil, həm də qlobal iqtisadi və siyasi fəsadlar doğura bilər.


Strateji əhəmiyyətə malik Hörmüz boğazı vasitəsilə dünya neft tədarükünün böyük hissəsi daşınır və bu marşrutun təhlükəsizliyi beynəlxalq enerji bazarı üçün həyati əhəmiyyət daşıyır. Belə bir şəraitdə Körfəz ölkələrinin neft infrastrukturuna hücumların baş verməsi və boğazın bağlanması ehtimalı gərginliyin genişmiqyaslı müharibəyə çevrilməsi riskini artırır.


Bəs İranın neft ixrac edən qonşularını hədəf alması və Hörmüz boğazını bağlaması münaqişəni "Körfəz savaşına" çevirə bilərmi?


Siyasi şərhçi Elmir Səftərov Sfera.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdəki müharibə artıq qlobal enerji bazarına ciddi təsir göstərib və neft qiymətlərinin artmasına səbəb olub.

 

Onun sözlərinə görə, əsas səbəblərdən biri mühüm nəqliyyat və enerji dəhlizlərinin risk altına düşməsidir:

 


“Neft ixracatçısı olan İrana endirilən zərbələr də enerji bazarına təsirsiz ötüşmür. Dünyada gündəlik neft ticarətinin təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Hazırda bu boğaz müharibə zonasına yaxın olduğu üçün vəziyyət kifayət qədər qeyri-sabittir. Əslində, bu strateji su yolunun təhlükəsizliyi təkcə bir ölkənin məsuliyyəti deyil. Ölkələr enerji infrastrukturunu və neft tankerlərini hədəfə almaqdan çəkinməlidirlər. Lakin təəssüf ki, bəzi hallarda mülki gəmilər də hücuma məruz qalır. Bu isə "enerji müharibəsi" riskini artırır”.


Ekspert qeyd edib ki, hazırkı şəraitdə Körfəz ölkələrinin müharibəyə birbaşa cəlb olunması onların maraqlarına uyğun deyil:


“Bu ölkələr problemin diplomatik yolla həllinin tərəfdarıdırlar. Lakin regionda xarici hərbi bazaların mövcudluğu həmin dövlətləri də potensial hədəfə çevirir. Buna görə də ölkələr münaqişənin regional koalisiya müharibəsinə çevrilməsinin qarşısını almalı, vasitəçilik səylərini artırmalıdırlar. Hörmüz boğazının tam bağlanması milyardlarla dollar iqtisadi zərər deməkdir ki, bu da beynəlxalq müdaxiləni qaçılmaz edə bilər. Dövlətlər öz ərazilərinin hərbi platforma kimi istifadə olunmasına imkan verməməli və regional sabitliyə töhfə verməlidirlər. Əks halda, müharibə həm iqtisadi itkilərə, həm də enerji bazarında uzunmüddətli qeyri-sabitliyə səbəb olacaq”.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ