İsrail mediasından etiraf: Hava müdafiəsində boşluq böyüyür

İranın raket hücumları zamanı bəzi raketlərin İsrailin hava hücumundan müdafiə sistemini keçməsi ölkənin müdafiə imkanları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
İsrail mediası yazıb ki, radar və erkən xəbərdarlıq sistemlərinin hədəfə alınması hava müdafiə arxitekturasında ciddi boşluq yaradıb.
Sfera.az xəbər verir ki, İsrailin aparıcı nəşrlərindən olan “Haaretz” qəzetinin yazdığına görə, son hücumlar ölkənin hava müdafiə sistemindəki kritik zəiflikləri üzə çıxarıb. Xüsusilə erkən xəbərdarlıq sistemlərinin hədəfə alınması “Dəmir Qübbə” də daxil olmaqla müdafiə sistemlərinin effektivliyinə ciddi təsir göstərib.
Xəbərdə qeyd olunub ki, sistemin bir batareyasının dəyəri təxminən 200 milyon şekel (təqribən 64 milyon dollar) təşkil edir. Bununla yanaşı, pilotsuz uçuş aparatları və bəzi digər hücum vasitələrinə qarşı sistemin tam müdafiə təmin edə bilmədiyi vurğulanıb. 2018-2021-ci illərdə İsrailin hava müdafiə qüvvələrinə rəhbərlik etmiş briqada generalı Ran Koçav bildirib ki, təxminən 100 min dollar dəyərində olan bir pilotsuz uçuş aparatı belə “Dəmir Qübbə” batareyasına zərər verə bilər.
Həmçinin bildirilib ki, İran Qətər ərazisində yerləşən və İsrailə doğru buraxılan raketlərin aşkarlanmasına kömək edən ABŞ radar sisteminə də hücum edib. Bu hadisədən sonra İsrailin raket hücumları barədə erkən xəbərdarlıq müddətinin xeyli qısaldığı iddia olunub. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə “Dəmir Qübbə artıq ironiyaya çevrilib” deyərək sistemin effektivliyini tənqid edib.
Onun sözlərinə görə, genişmiqyaslı raket hücumlarının əsas məqsədi düşmənin radar və müdafiə sistemlərini sıradan çıxarmaqdır və belə olduqda daha az sayda raketlə istənilən hədəfi vurmaq mümkün olur.
Bəsti Rəfizadə
Sfera.az
