Hörmüzdən keçmək çətinləşir - Çində narahatlıq artır

İran Çinin xəbərdarlığına baxmayaraq, Hörmüz boğazında 10 neft tankerini vurub. Halbuki dünən rəsmi Pekin Tehrana gəmilərə və neft tankerlərinə hücum edilməməsi, eləcə də Hörmüzün bağlanmaması ilə bağlı açıq xəbərdarlıq etmişdi. Buna baxmayaraq, İran bu çağırışa məhəl qoymadı və boğazın bağlandığını elan etdi.
Hörmüzün bağlanması artıq qlobal enerji bazarına təsir göstərir, neft və qazın qiymətlərində artım müşahidə olunur. Belə bir vəziyyətdə müharibənin mümkün qədər tez başa çatdırılması zərurəti yarana bilərmi? Bu addım Çinlə İran arasında gərginliyə səbəb ola bilərmi?
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, İranın hazırda atdığı əsas addım, ümumiyyətlə, məsələni daha da gərginləşdirərək maksimum şəkildə ABŞ və İsrailə təzyiq göstərməkdir:

“Yəni çalışırlar ki, dünyada durğunluq yaransın, iqtisadi vəziyyət pisləşsin və digər böyük dövlətlər də müharibənin dayandırılması üçün ABŞ və İsrailə təzyiq göstərsin. Əsas məsələ məhz budur və güman edirəm ki, istəklərinə müəyyən qədər nail ola bilirlər. Çünki artıq, məsələn, Çindən İrana qarşı körfəzin açılması ilə bağlı təzyiqlər səsləndirilir. Ancaq son bir gün ərzində baş verən faktlar onu göstərir ki, İran buna məhəl qoymaq fikrində deyil və maksimum şəkildə yenidən körfəzin bağlanması və buradan keçən gəmilərə problemlər yaradılması ilə məşğuldur. Eyni zamanda körfəz ölkələrinə, yəni ərəb ölkələrinə qarşı da hücumlar həyata keçirilir, orada yerləşən bazalar hədəf alınır. Nəzərə alsaq ki, bu ölkələrin bir çoxunun Çinlə çox geniş iqtisadi əlaqələri var, bu məsələ xüsusi diqqət çəkir”.
Politoloq İranın ərəb ölkələrinə raket zərbələrinin Çini narahat etdiyini bildirib:
“Məsələn, rəsmi Pekin Qətərin vurulmasından çox güclü narahatdır və dəfələrlə bu barədə xəbərdarlıq edib ki, hücumlar dayandırılsın. Çünki Doha ilə Pekin arasında son zamanlarda iqtisadi əlaqələr geniş şəkildə inkişaf edib və Çin hökuməti Qətərdə yüksək səviyyəli investisiya layihələri həyata keçirir. Bütün bu faktlar onu deməyə əsas verir ki, vəziyyət Çini də narahat edir və yəqin ki, rəsmi Pekin Tehrana bu məsələ ilə bağlı təzyiqlər göstərəcək. Ancaq bu təzyiqlər formal xarakter də daşıya bilər. Çünki Çin rəsmiləri İranın müharibədən ağır məğlubiyyətlə çıxmasını çox da istəmir. ABŞ və İsrailin İranda hər istədiyinə nail olmasını da arzulamır. Buna görə də maksimum şəkildə İranla bağlı həm təzyiq, həm də dəstək siyasətini davam etdirə bilərlər. Bir tərəfdən üstüörtülü təzyiq göstərilir, digər tərəfdən isə altdan İrana dəstək verilərək müharibənin daha tez və İranın xeyrinə başa çatdırılması istiqamətində addımlar atıla bilər”.
Bəsti Rəfizadə
Sfera.az
