Kim Çen gizli silahların istehsalına başladı

Kim Çen In rəhbərlik etdiyi Şimali Koreya növbəti beş il ərzində yeni nəsil gizli və strateji silahların hazırlanmasına başlayıb.
Sfera.az xəbər verir ki, KCNA-nın yaydığı məlumata əsasən, bu barədə ölkə lideri 19-25 fevral tarixlərində keçirilən Koreya İşçi Partiyası toplantısında açıqlama verib. Kim Çen In bildirib ki, yeni beşillik hərbi plan çərçivəsində ordunun texnoloji səviyyəsinin maksimum həddə çatdırılması əsas prioritetdir.
Onun sözlərinə görə, plan ordunun “xüsusi strateji və gizli silahlarla” təchiz edilməsini nəzərdə tutub.
Açıqlamaya əsasən, hazırlanacaq sistemlərə aşağıdakılar daxildir:
Quru və sualtı platformalar üçün qitələrarası ballistik raket kompleksləri
Süni intellektə malik pilotsuz zərbə aparatları
Düşmən peyklərini hədəfə alan xüsusi silahlar
Elektron müharibə sistemləri
Müasir kəşfiyyat peykləri
Bundan əlavə, hər il əlavə strateji silahların yerləşdirilməsi planlaşdırılıb. Xüsusilə 600 mm və 240 mm-lik əməliyyat-taktiki raket sistemlərinin döyüş imkanlarının artırılması nəzərdə tutulub. Şimali Koreya lideri vurğulayıb ki, beşillik proqram tamamlandıqdan sonra ölkənin müdafiə qabiliyyəti rəqiblərin çata bilməyəcəyi səviyyəyə yüksələcək. Kim Çen In həmçinin qeyd edib ki, qlobal müdafiə texnologiyalarının inkişaf tendensiyaları nəzərə alınaraq ən müasir silahların kütləvi istehsalı davam etdiriləcək.
Bəsti Rəfizadə
Sfera.az
