“El Menço”nun gizləndiyi lüks villanın fotoları yayımlandı – FOTOLAR

ABŞ-də Donald Tramp administrasiyasının narkokartellərə qarşı sərt mübarizə xətti və Meksikaya təzyiqlərin artdığı bir dövrdə, Meksikada keçirilən genişmiqyaslı hərbi əməliyyatın detalları açıqlanmaqda davam edir.
Ölkənin ən təhlükəli cinayətkarlarından sayılan Jalisco Yeni Nəsil Kartelinin (CJNG) lideri, “El Menço” ləqəbli Nemesio Osegueranın gizləndiyi lüks villa jurnalistlər üçün açılıb.
Sfera.az xəbər verir ki, kartel başçısının yeri sevgilisi ilə bağlı daxil olan məlumat əsasında müəyyən edilib. Hərbi basqın zamanı villanın arxa hissəsindən meşəlik əraziyə qaçmağa çalışan El Menço açılan atəş nəticəsində yaralanıb. Meksika hakimiyyəti bildirib ki, kartel lideri helikopterlə təxliyə edilərkən aldığı yaralardan həyatını itirib. Əməliyyatdan sonra villanın ətrafında yandırılmış avtomobil və yük maşınları aşkarlanıb.
Otaqlarda aparılan baxış zamanı miqren, yuxusuzluq, reflüks və göbələk əleyhinə çoxsaylı dərmanlar, həmçinin dəriyə qulluq vasitələri və ətirlər tapılıb. Villanın içində improvizə edilmiş kiçik altar da aşkarlanıb. Kartel liderinin ölümündən sonra ölkənin 20 ştatında iğtişaşlar baş verib, yollar bağlanıb, avtomobillər və iş yerləri yandırılıb, həmçinin Qvadalaxara Beynəlxalq Hava Limanına hücum edilib.
Bəsti Rəfizadə
Sfera.az




