4 ildir ki, müharibə edirlər...

2022-ci il fevralın 24-ü səhər saatlarında dünya yeni bir reallıqla oyanıb. Vladimir Putin televiziya müraciətində Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” başladığını elan edib.
Bir neçə saat sonra isə Volodimir Zelenski Kiyevi tərk etməyəcəyini bildirərək ölkədə ümumi səfərbərlik tətbiq olunduğunu açıqlayıb. Beləliklə, Avropada II Dünya müharibəsindən sonra ən böyük silahlı qarşıdurma başlanıb.
Sfera.az xatırladır ki, müharibənin ilk günlərində Rusiya sürətli qələbə planlaşdırmışdı. Ordunun əsas hədəfi Kiyevi qısa müddətdə ələ keçirərək hakimiyyəti dəyişmək idi. Belarus istiqamətindən paytaxta doğru hərəkət edən qoşunlar Hostomel hava limanına desant endirib, eyni vaxtda şimal, şərq və cənubdan hücumlar başlayıb. Lakin gözlənilənin əksinə olaraq Ukrayna ordusu ciddi müqavimət göstərib. Kiyevdə küçə döyüşləri baş verməsə də, rus qoşunları şəhərə daxil ola bilməyib və bir ay sonra şimal istiqamətindən geri çəkilib. Bu, müharibənin ilk böyük dönüş nöqtəsi hesab olunur.
2022-ci ilin yazından sonra döyüşlərin ağırlıq mərkəzi ölkənin şərqinə keçib. Mariupol şəhəri aylarla mühasirədə qalıb, Donbasda ağır artilleriya döyüşləri başlayıb. Yay aylarında Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli raket sistemləri verməsi vəziyyəti dəyişdi. Payızda Ukrayna gözlənilməz əks-hücuma keçərək Xarkov vilayətinin böyük hissəsini geri aldı, daha sonra isə Xersondan rus qoşunları geri çəkildi. Bu mərhələdən sonra müharibə ildırım sürətli əməliyyatlardan mövqe savaşına çevrilib. 2023-cü il qarşıdurmanın ən qanlı dövrü kimi yadda qalıb. Baxmut uğrunda aylarla davam edən döyüşlərdə minlərlə hərbçi həlak olub. Ukraynanın yay əks-hücumu böyük gözləntilərə baxmayaraq strateji dönüş yaratmamışdı.
Hər iki tərəf ciddi itkilər verərək müharibənin tədricən tükəndirmə savaşına çevrildiyini anlamışdılar. 2024-cü ildə müharibənin xarakteri yenidən dəyişib. Cəbhədə tank hücumlarından çox pilotsuz uçuş aparatları və uzaqmənzilli zərbələr əsas rol oynayıb. Enerji infrastrukturu müntəzəm hədəfə çevrilib, şəhərlər raket və dron hücumları altında qalıb. Qərbin hərbi yardımı siyasi müzakirələrə səbəb olub, Rusiya isə hərbi istehsalı artıraraq uzunmüddətli müharibəyə uyğunlaşıb. 2025 və 2026-cı illərdə isə münaqişə faktiki olaraq “dondurulmuş müharibə” mərhələsinə keçib. Cəbhə xətləri böyük ölçüdə sabit qalıb, lakin hər gün hava hücumları davam edir.
Tərəflər arasında bir neçə dəfə danışıqlar cəhdi olub, amma real nəticə əldə olunmayıb. Müharibə artıq yalnız iki ölkə arasında deyil, böyük geosiyasi qarşıdurmanın əsas xəttinə çevrilib. Dörd il ərzində bu müharibə təkcə Ukraynanın xəritəsini deyil, dünya nizamını dəyişib. Enerji böhranı, inflyasiya, silahlanma yarışı və yeni siyasi bloklaşma qlobal sistemə təsir göstərib. NATO genişlənib, Avropanın təhlükəsizlik siyasəti yenidən formalaşıb, dronlar isə müasir müharibənin əsas simvoluna çevrilib. 2022-ci ilin fevralında bir neçə gün davam edəcəyi düşünülən hərbi əməliyyat artıq dördüncü ilini tamamladı. Bu gün nə tam qələbə var, nə də məğlubiyyət. Hər iki tərəfdən minlərlə əsgər, günahsız vətəndaş həyatını itirib. Həyatını itirənlər arasında hər iki tərəfdə döyüşən azərbaycanlılar da yer alıb.
Bəsti Rəfizadə
Sfera.az
