Rusiya–Ukrayna savaşı sona çatır? – "Bu, iki ölkənin müharibəsi deyil"

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff (Steve Witkoff) Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, tərəflər liderlərini məlumatlandırmaq və razılaşma istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.
Maraqlıdır, yaxın zamanda sülh gözlənilirmi?
Politoloq Züriyə Qarayeva Sfera.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Stiv Vitkoffun “ciddi irəliləyiş” ifadəsi diplomatik baxımdan müsbət siqnaldır, amma bu, yaxın günlərdə tammiqyaslı sülh sazişinin imzalanacağı anlamına gəlmir:

“Rusiya–Ukrayna müharibəsi yalnız iki dövlət arasında qarşıdurma deyil, həm də Qərb–Rusiya münasibətlərinin struktur böhranıdır. Əgər tərəflər liderlərini məlumatlandırmaq və prosesi davam etdirmək barədə razılaşıblarsa, bu, ən azı danışıqlar kanalının açıq saxlanıldığını göstərir. Lakin əsas məsələlər – ərazi statusu, təhlükəsizlik zəmanətləri, sanksiyalar və Ukraynanın gələcək hərbi-siyasi orientasiyası hələ də ən çətin və prinsipial mövzular olaraq qalır. Bu düyünlər açılmadan sürətli sülh real görünmür”.
Politoloq qısa müddətdə atəşkəs və ya müvəqqəti razılaşma ehtimalının daha real ssenari olduğunu əlavə edib:
“Çünki hər iki tərəf həm hərbi, həm iqtisadi, həm də ictimai baxımdan ciddi yüklənmə yaşayır. Amma davamlı və hüquqi baxımdan möhkəm sülh üçün yalnız hərbi əməliyyatların dayanması kifayət deyil; uzunmüddətli təhlükəsizlik arxitekturası formalaşmalıdır. Bu isə təkcə Moskva və Kiyev arasında deyil, həm də ABŞ və Avropa ilə Rusiya arasında daha genişformatlı razılaşmanı tələb edir. Ona görə yaxın perspektivdə tam sülhdən çox, mərhələli və şərti sabitləşmə ehtimalı daha yüksək görünür”.
Fidan Hacızadə
Sfera.az
