Trampdan yumşalma: "İranla bu razılaşma kifayət etməyəcək"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı İranla “çox yaxşı razılaşma” əldə edə biləcəyini bəyan edib. O, bu fikirləri “Axios”a müsahibəsində səsləndirib və tərəflər arasında diplomatik kanalların açıq olduğunu vurğulayıb. Trampın sözlərinə görə, ABŞ İranla razılığa gəlməkdə maraqlıdır və bunun üçün imkanlar mövcuddur.
Lakin əsas sual açıq qalır: Vaşinqton doğrudanmı yalnız nüvə proqramı ilə bağlı razılaşma ilə kifayətlənəcək? Yoxsa danışıqların arxasında daha geniş və kompleks siyasi-hərbi şərtlər dayanır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Murad Sadəddinov hesab edir ki, İran və ABŞ arasında gedən danışıqlar təkcə nüvə proqramı ilə məhdudlaşmır.
Onun sözlərinə görə, burada bir neçə şərt var:

“Nüvə proqramı ilə bağlı uranın zənginləşdirilməsi təmamilə dayandırılmalı idi. Əldə olunan uran İran ərazisindən çıxarılmalıdır. İran ballistik raket proqramın məhdudladımalıdır. Vaşinqton tələb edir ki, İran 500 kilometrdən artıq məsafəyə uçan raketlərin istehsalını dayandırsın. Beləliklə, İran İsrail ərazisini vura bilməyəcək. Digər məsələ isə İranın regionda fəaliyyət göstərən proksi qruplara maliyyə və ya silah-sursat yardımını dayandırmasıdır. Bir məsələ də İran ərazisində etirazçılara zor tətbiqi ilə bağlı, o indi bir az kölgədə qalıb. İran tərəfi bu tələblər içində ancaq nüvə proqramı çərçivəsində danışıqlar aparmaq razılığı verib və təmamilə başqa şərtlərlə. Nüvə proqramını ancaq sülh məqsədləri üçün istifadə olunmasına icazə verilməsini istəyir”.
Politoloq qeyd edib ki, ümumiyyətlə, Trampın sadəcə nüvə proqramı ilə razılaşma imzalaması ortadakı gərginliyi aradan götürməyəcək:
“Bu gün danışıqların getdiyi vaxtda paralel olaraq ABŞ güclü şəkildə regionda silahlı qüvvələrini cəmləşdirir. Bu addımın da yeganə məqsədi İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsidir. Keçən ilin yay hadisələrini yada salsaq, görərik ki, o zaman da danışıqlar gedirdi və bu zaman Tramp müxtəlif pozitiv bəyanatlar versə də, qəflətən İrana zərbələr endirildi. Onun bu cür bəyanatları o dərəcədə real vəziyyəti əks etdirmir”.
Firuzə Əliyeva
Sfera.az
