Beynəlxalq hüququn böhranı: Güc balansı ön plana çıxır

Münhen Təhlükəsizlik Konfransının (MSC) ekspertləri tərəfindən forumun açılışı ərəfəsində dərc olunan hesabatda qlobal təhlükəsizlik mühitinin dərin və sistemli böhran mərhələsinə daxil olduğu vurğulanır. Hesabata görə, dünya nizamı tədricən daha çox qarşıdurma, parçalanma və qeyri-müəyyənliklə xarakterizə olunan “hərtərəfli dağıntı” dövrünə qədəm qoyur. Xüsusilə bir sıra Qərb ölkələrində siyasi qərarverici dairələrin və təsirli güc mərkəzlərinin mövcud problemləri mərhələli islahatlar yolu ilə həll etməkdənsə, daha sərt, riskli və dağıdıcı yanaşmalara üstünlük verməsi bu tendensiyanı sürətləndirən əsas amillərdən biri kimi göstərilir. Daxili siyasi qütbləşmənin dərinləşməsi, cəmiyyətlərdə etimad böhranı və qlobal miqyasda artan geosiyasi rəqabət bu prosesləri daha da mürəkkəbləşdirir və beynəlxalq təhlükəsizlik sisteminin dayanıqlığını sual altına alır.
Bəs görəsən bu tendensiyanın əsas səbəbləri nələrdir: daxili siyasi böhranlar, qlobal güc balansının dəyişməsi, yoxsa beynəlxalq institutların zəifləməsi? Bu proseslərin yaxın illərdə beynəlxalq təhlükəsizlik sisteminə və regional münaqişələrə real təsiri nə ola bilər?
Suallarımızı cavablandıran politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, burada bir neçə amil var.

Onun sözlərinə görə, əsas məsələlərdən biri beynəlxalq institutların zəifləməsidir:
“Məsələn, BMT İkinci Dünya müharibəsindən sonra yaradılmasının ardından Soyuq müharibə dövründə müəyyən böhranlar yaşasa da vəziyyəti tənzimləyə bilirdi. Ancaq son dövrlərdə qlobal münasibətlərin daha da kəskinləşməsi, Soyuq müharibə dövrünə qayıdış elementlərinin ortaya çıxmasına səbəb olub. Hətta bu dövrdən də sərt meyarların meydana gəlməsi fonunda BMT öz funksiyasını tam icra edə bilmədi. 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsi ilə bu proses açıq şəkildə görünməyə başladı. BMT həmin dövrdə susqun qaldı və insanların, eləcə də dövlətlərin hüquqlarını beynəlxalq qanunlarla qorumaqda aciz qaldı. Bundan sonra dünyada qlobal münasibətlərin kəskinləşdiyinin şahidi olduq, böyük dövlətlərin kiçik dövlətlər üzərində təzyiq göstərməsi və ərazilərini işğal etməsi halları artdı. Misal olaraq 2008-ci il Rusiya-Gürcüstan müharibəsi, 2014-cü ildə Rusiyanın Ukraynaya təcavüzü, uzaq Şərq və Afrika ölkələrində baş verən hadisələr göstərilə bilər”.
Politoloq vurğulayıb ki, son dövrlərdə ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi ilə fərqli siyasət nümunələri ortaya çıxdı:
“Qrenlandiya məsələsində kəskin mövqeyi, Kanadaya iddialar irəli sürməsi və Venesuelada Prezident Maduronu öz ərazisinə gətirərək mühakimə etməsi faktları göstərir ki, beynəlxalq hüquq faktiki olaraq işləməyir və dünyada güc amili üstünlük qazanır. Bütün bu proseslərin başlıca səbəbi beynəlxalq hüququn zəifləməsidir. Nəticədə dövlətlər gələcək əməkdaşlıq və qərarvermə proseslərində əsasən güc balansına əsaslanacaq. Kim güclüdürsə, daha çox onunla əməkdaşlıq qurulacaq”.
Niyaz Hacıyev
Sfera.az
