“Avropa Pentaqonu” – Bu ideya reallaşa bilərmi?

"Foreign Affairs" jurnalında dərc olunmuş məqalədə qeyd olunur ki, qlobal təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər fonunda Avropa İttifaqı (Aİ) tarixinin ən ciddi strateji çağırışlarından biri ilə üz-üzədir. ABŞ-nin Avropaya hərbi və siyasi dəstəyinin zəifləməsi, eləcə də Amerika qoşunlarının qitədən mərhələli şəkildə çıxarılması ilə bağlı planlar Aİ-ni uzun illər formalaşmış təhlükəsizlik modelini yenidən nəzərdən keçirməyə vadar edir. İndiyədək əsasən NATO və Vaşinqtonun hərbi gücünə arxalanan Avropa ölkələri üçün bu proses təkcə müdafiə məsələsi deyil, həm də geosiyasi müstəqillik və strateji məsuliyyət məsələsi kimi qiymətləndirilir. Məhz bu şəraitdə Aİ-nin öz ordusunu yaratması və mövcud institusional strukturların vahid hərbi idarəetmə mərkəzinə çevrilərək şərti “Avropa Pentaqonu” rolunu üzərinə götürməsi ideyası gündəmə gəlir. Belə bir addım Avropanın qlobal güc balansındakı yerini qoruyub saxlamaq və təhlükəsizlik boşluğunun yaranmasının qarşısını almaq baxımından həlledici ola bilər.
Bu kontekstdə sual yaranır: Avropanın yeni birləşmiş ordu yaratması nə qədər zaman alar? Və belə bir ordu ABŞ-nin yaratdığı mümkün təhlükəsizlik boşluğunu real olaraq doldura bilərmi?
Politoloq Zaur Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqında zaman-zaman müxtəlif siyasətçilər və ekspertlər tərəfindən müstəqil Avropa ordusunun yaradılması ilə bağlı fikirlər səsləndirilir. Onun sözlərinə görə, bu fikirlər reallığı əks etdirmir:

“Mövcud geosiyasi və iqtisadi reallıqlar fonunda bu yanaşmalar daha çox siyasi bəyanat və konseptual müzakirə xarakteri daşıyır, praktik icra baxımından isə real görünmür. İndiki mərhələdə Avropa təhlükəsizlik sisteminin əsas dayağı kimi NATO qalmaqda davam edir və Aİ ölkələrinin əksəriyyəti hələ də kollektiv müdafiə məsələsində alyansın təminatlarına güvənir”.
Politoloq qeyd edib ki, bunun əsas səbəblərindən biri Avropa dövlətlərinin NATO çərçivəsində müdafiə xərclərinə ayırdığı vəsaitin məhdud olmasıdır:
“Ayrı-ayrılıqda götürüldükdə, bir çox Avropa ölkəsinin ümumi daxili məhsulundan hərbi sahəyə ayırdığı pay kifayət qədər aşağıdır. Əgər NATO-dan kənar yeni bir hərbi struktur yaradılarsa, bu, üzv dövlətlərin büdcələrindən daha böyük maliyyə resurslarının hərbi təşkilata yönəldilməsini tələb edəcək. Hazırkı iqtisadi və sosial çağırışlar fonunda isə heç bir Avropa dövləti belə bir yükü üzərinə götürməyə hazır deyil. Bu baxımdan, müəyyən ideyalar səsləndirilsə də, real vəziyyət göstərir ki, bu gün həm ABŞ, həm də Avropa üçün NATO alternativsiz olaraq qalır”.
Niyaz Hacıyev
Sfera.az
