Hindistan Çinin lüks brendlərini ələ keçirir

Hindistan Çinin lüks brendlərini ələ keçirir
Kateqoriya məlum deyil
T

Hindistan Çinin lüks brendlərini ələ keçirir Çində lüks məhsullara tələbatın zəifləməsi fonunda aparıcı brendlər yeni böyümə bazarları axtarışına çıxıb.

 

Sfera.az xəbər verir ki, bu kontekstdə Hindistan getdikcə daha çox diqqət mərkəzinə çevrilir. “Financial Times” nəşrinin məlumatına görə, Hindistan və Argentina arasında Yeni Dehlidə keçirilən və “əsrin matçı” kimi təqdim olunan yüksək səviyyəli polo oyunu zamanı La Martina şirkətinin baş direktoru Adrian Simonetti Hindistanın niyə perspektivli lüks bazar olduğunu izah edib. Onun sözlərinə görə, Hindistanda lüks anlayışı artıq təkcə brend deyil, qlobal həyat tərzinə aidiyyət kimi qəbul olunur.

 

Beynəlxalq təcrübəyə açıq, alıcılıq qabiliyyəti artan və orijinallıq axtaran yeni nəsil formalaşır. Məhz bu dəyişiklik Çində artımın yavaşlaması fonunda bir çox lüks brendlərin diqqətini Hindistana yönəltməsinə səbəb olub. Pandemiyadan əvvəl Çin qlobal lüks tələbatın təxminən 25 faizini təşkil edirdi. Hazırda isə ölkədə iqtisadi dinamika zəifləyib, istehlakçı davranışları dəyişib. Bununla belə, Hindistan hələ də çətin bazar olaraq qalır. Logistika problemləri, lüks ticarət mərkəzlərinin azlığı, eləcə də varlı hindlilərin Dubay, Sinqapur və Avropa şəhərlərində alış-verişə üstünlük verməsi genişlənməni məhdudlaşdırır. Yüksək idxal rüsumları və bürokratik əngəllər də əsas maneələr sırasındadır.

 

“Bain & Co” şirkətinin hesablamalarına görə, Latın Amerikası, Yaxın Şərq, Cənub-Şərqi Asiya (Hindistan daxil olmaqla) və Afrikanı əhatə edən inkişaf etməkdə olan bazarlarda lüks satışların həcmi 2025-ci ildə Çində gözlənilən 40-45 milyard avro ilə müqayisə oluna bilər. Dünyanın ən böyük lüks brendi sayılan, illik satışları 20 milyard avronu aşan “Louis Vuitton”un Çində onlarla butiklə təmsil olunmasına baxmayaraq, Hindistanda cəmi üç mağazası var. Mütəxəssislər ölkədə daxili lüks tələbatını hələ “başlanğıc mərhələsi” kimi qiymətləndirirlər.

 

Brendlər Hindistanda milyonçuların sayının artacağına ümid edirlər. 2005-ci ildən bazarda fəaliyyət göstərən “L’Oréal” və “Estée Lauder” genişlənməni davam etdirir. “Estée Lauder”in baş direktoru Stefan de La Faverie “Financial Times”a açıqlamasında Hindistanın şirkət üçün əsas böyümə mühərriklərindən birinə çevrilə biləcəyini bildirib. Ötən il Stella McCartney Asiyanın ən varlı şəxsi Mukeş Ambaniyə məxsus “Reliance Industries” ilə tərəfdaşlıq edərək Hindistan bazarına daxil olub. “Burberry”, “Emporio Armani” və “Versace” kimi digər iri brendlər də “Reliance” ilə əməkdaşlıq edir. Oktyabr ayında isə Fransanın məşhur univermağı “Galeries Lafayette” Mumbayda ilk mağazasını açıb. Layihənin tərəfdaşı olan milyarder Kumar Birla bunu “Hindistanın lüks pərakəndə satışında yetkinlik anı” adlandırıb.

 

Euromonitor International Hindistanı təxminən 12 milyard dollarlıq mövcud həcmi ilə dünyada ən sürətlə böyüyən beş lüks bazarından biri kimi dəyərləndirir. Şirkətin analitiki Pallavi Aroranın fikrincə, ölkədə sərvətin artması, pərakəndə infrastrukturun genişlənməsi və sağlamlıqla yanaşı lüks təcrübələrinə marağın yüksəlməsi bazarın inkişafını sürətləndirir. Lakin yüksək idxal rüsumları əsas problem olaraq qalır. Analitiklər tariflərin çox vaxt 20 faizi keçdiyini, ƏDV-nin isə 40 faizə çata bildiyini bildirirlər. Bu səbəbdən bir çox hindli lüks məhsulları xaricdən almağa üstünlük verir.

 

ABŞ və Aİ ilə davam edən ticarət danışıqlarının bu baryerləri qismən azalda biləcəyi istisna edilmir. Ekspertlər eyni zamanda xəbərdarlıq edirlər ki, Hindistanın artımı hələlik Çindəki yavaşlamanı tam kompensasiya edə bilmir. Çində hətta 4-5 faizlik artım belə Hindistan bazarından daha çox gəlir gətirir. Çinin lüks bazarı 20 il ərzində formalaşıb, Hindistan isə hələ yolun ortasındadır. Buna baxmayaraq, brendlər fürsəti qaçırmaq istəmirlər. “La Martina”nın rəhbəri Adrian Simonetti bildirib ki, şirkət hazırda “Reliance” ilə tərəfdaşlıq çərçivəsində Hindistanda 15 mağaza fəaliyyət göstərir və yaxın aylarda daha 11 mağaza açmağı planlaşdırır. Onun sözlərinə görə, polo artıq Hindistanın elit idman mədəniyyətinin bir hissəsinə çevrilib və ölkə lüks brendlər üçün digər bazarlardan fərqli, daha uzunmüddətli potensial vəd edir.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ